• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Qusma


Qusma

Qusma- mədənin fövqəladə situasiyada boşalma mexanizmi olub, əsasən, müdafiə funksiyası daşıyır. Qusmanın səbəbini aydınlaşdırmaq üçün qusuntu kütlələrinin miqdarı, konsistensiyası və rənginə fikir verilməlidir.

Qusmanı saxlamaq lazım deyil, lakin uzun müddət davam edərsə buz udmaq və ya limonlu mineral su içmək olar. Qusma zamanı qusmanın səbəbini aydınlaşdırmaqla bərabər, orqanizmi susuzlaşmaqdan qorumaq vacibdir. Adi suda mikroelementlər və duzlar olmadığından, susuzlaşmanın qarşısını ala bilməz, qusma zamanı mineral sudan istifadə etmək lazımdır.

Tüng rəngli, qanlı və ya qan laxtaları ilə qarışıq qusma mədə-bağırsaq qanaxmasının əlaməti olub, həyat üçün təhlükə törətdiyindən dərhal həkimə müraciət etmək, həkim gələnədək isə xəstəni arxası üstə uzadıbqarnının üstünə çox ağır olmayan buz qoymaq lazımdır.

Qida qəbulu zamanı və ya qida qəbulundan dərhal sonra qusma isteriya, nevroz və ya digər psixogen pozğunluqlarda, bəzi hallarda isə mədə və 12 barmaq bağırsağı birləşdirən sfinkter nahiyəsində xora olduqda müşahidə edilir. Bu tipdə qusma qida zəhərlənmələri üçün də xarakterikdir. Ümumiyyətlə, hər bir halda zəhərlənmə zamanı qusmanın qarşısını almaq lazım deyil.

Yeməkdən 1 saat sonra baş verən qusma mədə motorikasının zəifliyindən xəbər verir. Səhər saatlarında ürəkbulanma və qusma hamiləlik üçün xarakterikdir. Böyrək xəstəlikləri, uremiya, alkoqolizm və kəllədaxili təzyiqin yüksək olması da səhər saatlarında qusma verə bilər.

Dəyişilməmiş, həzm olunmamış qida ilə qusma qidanın mədəyə keçmədiyindən, qida borusunda ləngidiyindən xəbər verir. Qusuntu kütləsində ödün olması xolesistit və çıxacağı nahiyəsində xora üçün xarakterikdir.

Bağırsaq keçməməzliyində qusuntu kütləsi əvvəl adi, həzm olunmuş qida tərkibli sonra isə nəcis kütlələri ilə qarışıq olur. Meningit, ensefalit, kəllə-beyin travmaları, beyin silkələnməsi də qusmaya səbəb ola bilər.

Zəhərlənmədən şübhələnərkən, süni olaraq qusma yaratmaq olar. Qusmadan əvvəl bir neçə stəkan sodalı su məhlulu, açıq çəhrayı rəngli kalium-permanqanat məhlulu və ya isti duz məhlulu (1 stəkan suya 2-4 çay qaşığı) içmək məsləhətdir.