Şizofreniya endogen mənşəli xroniki ruhi xəstəlik sayılır.
Etiologiya (yaranmasəbəbləri)
Yaranma səbəbi tam öyrənilməyən bir çox xəstəliklərdən biridir. Tam olaraq iris xəstəlik sayılmır, amma irsi faktorun rolu çox böyükdür. Beləki, bir yumurtalı ekizlərdən birində bu xəstəlik varsa təxminən 80% ehtimalla o birində də xəstəlik baş verir. Müxtəlif yumurtalı ekizlərdə, adi bacı-qardaşda olduğu kimi bu faiz nisbətən aşağıdır.Lakin ümumi populyasiyaya nisbətən xeyli yuxarıdır. Xəstəlik anadangəlmə deyil, müxtəlif yaşlarda başlaya bilər: çox erkən yaşlardan (3-4 yaş), 45-50 yaşa qədər. Lakin xəstələrin çoxunda xəstəliyin başlanması 18-25 yaş dövrünə təsadüf edir. Beləliklə yaş faktoru da xəstəliyin yaranmasında rol oynayır. Önəmli patogenetik faktorlardan biridə stress sayılır. Müxtəlif stresslərdən sonra şizofreniya xəstəliyinin başlanması çox hallarda müşahidə olunub. Qadınlarda bəzən xəstəlik doğuşdan sonra inkişaf edir. Maraqlıdırki, xəstəlik nə qədər erkən və spontan yəni provakasion faktor (səbəb) olmadan başlayırsa proqnoz o qədər ağır olur. Beləliklə şizofreniya xəstəliyi endogen, yəni xarici faktorlardan daha az asılı olan, daxildən gələn bir xəstəlik sayılır.
Yayılma statistikası
Statistikaya baxsaz müxtəlif ədəbiyyatlarda müxtəlif rəqəmlər görə bilərik. Ortalama olaraq populyasiyada bu xəstəliyin 0,5-3% yayılmasını söyləmək olar.
Klassifikasiya
Şizofreniyanın bir xəstəlik və ya bir neçə xəstəlik qrupu olduğu bu günə qədər mübahisəlidir. Buna görə də klassifikasiyasıda xeyli dolaşıqdır.
Dörd forma:
1. sadə
2. paranoid
3. katotonik
4. hebefrenik
Üç gediş variantı:
1. Fasiləsiz proqredient (fasiləsizartan)
2. Fasiləli proqredient (fasiləliartan)
3. Tutmaşəkilli, rekurrent ayırd edilir.
Klinik formalarla gediş variantlarını sintez etsək şizofreniyanın təxmini klassifikasiyasını alarıq. Nəyə görə təxmini? Bu suala ən yaxşı akademik Snejnevskinin sözləri ilə cavab vermək olar, o deyirdi: nə qədər şizofreniyalı xəstə varsa o qədər də onun forması var
Klinika (əlamətləri)
Şizofreniya xəstəliyinin əlamətləri çoxdur. Bunlardan əsaslarını seçməyə çalışaq. Autism - özünəqapanma – bu xəstələr çox vaxt real həyatdan uzaqlaşıb, xəstə təfəkkür və qavramaları hesabına yaratdıqları bir dünyada yaşayırlar. (məs. Özünü Napaleon hesab edən biri Marat və Robespyerlə ucadan mübahisə edir, Jozefinaya sevgi məktubları yazır), eşitmə halyusinasiyaları xəstələrin qulağına müxtəlif insanların səslərı gəlir (qarabasma), bu səslər ona əmrlər verə bilər, xoş sözlər deyə bilər və ya təhqir edə bilər. Sayıqlama ideyaları xəstəlik nəticəsində yaranan, korreksiya olunmayan yanlış fikirlərdir. Xəstədə məzmununa görə təqib, qısqanclıq, özünü böyütmə, təsir, cadu sayıqlamaları ola bilər. Təqib sayıqlaması olan xəstəyə elə gəlir ki, onu təqib edən, ziyan vurmaq hətta öldürmək istəyən bir və ya bir qrup şəxs var. Belə xəstələr bəzən özlərini müdafiə etmək məqsədilə düşmənlərinə qarşı hücuma keçə bilərlər. Sosial təhlükəli hərəkətlər, hətta cinayət törədə bilərlər. Şizofreniyalı xəstələr öz patoloji təfəkkürlərinin məhsulu olan, yalnız onlara aid olan dünyada yaşadıqları üçün, onların hərəkətləri, nitqləri, emosional reaksiyaları ətrafdakılar üçün qəribə, anlaşılmaz, qeyri-adekvat görünür. Şizofreniyalı xəstələr çox vaxt baxımsiz, səliqəsiz görünür, onlarda ətrafa qarşı biganəlik, laqeydlik yaranır. Xəstəlik proqressiv davam edir səşəxsiyyətin tam parçalanmasına, dərin emosional iradi qüsur vəziyyətinə gətirib çıxardır.
Müalicə: Müasi rpsixotrop dərman preparatları şizofreniyanın bir çox əlamətlərini aradan qaldırmağa, xəstəliyin inkişafının qarşısini almağa imkan yaradır. Müalicə nə qədər erkən başlayarsa o qədər uğurlu olur. Psixofarmakoloji müalicə ilə yanaşı xəstələrin sosial reabilitasiyası da çox önəmlidir: xəstənin ailədaxili münasibətlərinin bərpasına, təhsil almaq, işləmək hüquqlarının reallaşmasina yardım etmək, əmək qabiliyyətini itirmiş şəxslərin təqaüdlə və pulsuz müalicə ilə təmin etmək şızofreniyalı xəstələr və onların yaxınları üçün böyük dəstək olur.
Proqnoz: xəstəliyin proqnozu kliniki formadan və gediş variantından asılıdır. Vaxtında başlanmış və sistematik aparılan müalicə, yeni nəsl keyfiyyətli neyroleptik preparatların tətbiqi şizofreniyanın proqnozunu müsbət tərəfə xeyli dəyişir, xəstələrin həyat keyfiyyətini artırır.