Doğuşun dövrləri
Təbii doğuşa üstünlük verək!

Doğuş zamanı sizin normal və sakit davranışınız doğuş prosesinə xeyli müsbət təsir göstərə bilər; siz nə qədər sərbəst olsanız, doğuş bir o qədər də tez başa çatmış olar.
Əgər qadın gərgin vəziyyətdə qalırsa, uşaqlığın boynu gec açılmış olur. Uşağın və intensiv fəaliyyətdə olan uşaqlığın oksigenlə yaxşı təmin olunması üçün normal nəfəs vacib hesab olunur. Sancı tutması yaxınlaşdıqda dərindən nəfəs alıb-vermək lazımdır. Sancılar başlayan kimi siz tam sakitləşməlisiniz. Sonradan bir qədər tezləşmiş ritmdə olmaqla nəfəsalma və nəfəsvermə hərəkətlərini yerinə yetirməlisiniz (bu zaman diafraqmanın uşaqlığa təzyiq edərək onun yığılmasına mane olmaması vacib hesab olunur).
Sancı keçdi - dərindən nəfəs alın (döş qəfəsi və qarının iştirakı ilə) nəfəsi tədricən verin. Sancı tutmaları arasındakı dövrdə iştirahət etmək və normal tənəffüs hərəkətlərini yerinə yetirmək lazımdır. Doğuşun birinci dövrünün sonunda sizdə güc vermək istəyi əmələ gələ bilsə də, buna yol verməyin. Belə ki, erkən gücənmələr uşaqlıq boynunun tam açılmasına mane olaraq doğuş dövrünün uzanmasına və sizin vaxtından əvvəl yorulmağınıza səbəb ola bilər.

Bu dövrdə sancı tutmalarının sayı və davam etmə müddəti artmış olur. Bundan başqa, bu dövrdə əlavə olaraq gücənmələr-qarın divarı, çanaq və diafraqma əzələlərinin ritmik şəkildə birgə yığılmaları başlayır. Bu, defekasiyaya çağırış halını xatırladır. Bu zaman mama-tibb bacısının dediklərinə tam şəkildə əməl etməyiniz vacibdir.
Sancı yaxınlaşır-aralıq sahənizi boş vəziyyətdə saxlamaqla dərindən nəfəs alın.
Sancı başladı - burunla dərindən nəfəs alaraq nəfəsinizi saxlayın. Dölə mümkün qədər güclü təsir edərək onu irəliyə itələmək üçün qarın əzələlərini mümkün qədər yığın. Nəfəsi ağızdan buraxın, yenidən burunla dərindən nəfəs alaraq nəfəsinizi saxlayın. Sancının sonuna qədər siz 3 dəfə gücənməlisiniz. Sancı başa çatdı - dərindən nəfəs alın.
Sancılararası dövrdə mama-tibb bacısı sizə əlavə göstərişlər verməzsə, gücənməyin. Uşağın başı cinsi yoldan çıxdığı zaman müəyyən an doğan qadına gücənməmək tapşırılır. Bu stadiyada tezləşmiş ritmdə olmaqla səthi tənəffüs hərəkətlərini yerinə yetirmək lazımdır. Bu anlarda artıq güc vermək uşağın baş hissəsinin sürətlə çıxmasına və nəticə etibarilə aralığın cırılmasına səbəb ola bilər.

Bu dövr ciftin uşaqlıq divarından aralanaraq digər hissələri ilə birlikdə uşaqlıq yollarından xaric olması ilə xarakterizə olunur. Bu dövrdə uşaqlığın yığılması (digər dövrlərə nisbətən xeyli zəif dərəcədə) baş verir və nəticədə cift aralanır.
Qeyd etmək lazımdır ki, əgər hamilə qadın doğuş müddəti ərzində mama-tibb bacısı və mama-ginekoloqun göstərişlərinə dəqiq şəkildə əməl edərək özünü sakit aparmış olarsa, bu zaman doğuş ana və uşaq üçün əlavə problemlər yaratmadan qısa bir müddət ərzində uğurla başa çatmış olur.