Qadın hormonlarının müayinəsi

Sonsuzluğun səbəbini müəyyən etmək üçün bir çox hallarda qanın hormonlara müayinəsini aparmaq lazımdır. Hormonal fonun pozğunluğu qadınlarda daha çox təsadüf edildiyi üçün, əksər hallarda, kişilərə nisbətən bu müayinələri qadınlara daha tez-tez təyin edirlər.

Hormonlar - daxili sekresiya vəziləri tərəfindən (hipofiz, qalxanavri vəz, böyrəküstü vəzilər, yumurtalıqlar) hazırlanan, yüksək aktivliyi olan maddələrdir. Hormonlar insan orqanizmində gedən bir çox proseslərin idarə olunmasında iştirak edirlər. Hormonlar qadın cinsiyyət sistemində yumurta hüceyrəsinin yetişməsini, ovulyasiyanı, embrionun implantasiyasını, menstruasiyanı idarə edirlər. Hormonal sistemdə hər hansı bir pozğunluq olduqda (bir və ya bir neçə hormonun səviyyəsinin artması və ya azalması) bu proseslər də pozulmuş olur ki, nəticədə sonsuzluq inkişaf edə bilər.

Qanın hormonalara müayinəsi acqarına, yəni son qida qəbulundan 8 saatdan az (12 saatdan az olmaması daha məsləhətlidir) olmayaraq vaxt keçməsi şərti ilə verilir. Meyvə şirələri, qənd və ya qəndsiz olaraq çay və kofe qəbulu da istisna olunmalıdır. Müayinədən bir gün qabaq və müayinə olunan günü spirtli içkilərin qəbulu , siqaret çəkilməsi və cinsi əlaqədə olmaq da istisna olunmalı, fiziki işlərin görülməsi də məhdudlaşdırılmalıdır.
Emosional streslər də həmçinin müayinə nəticələrinin təhrif olunmasına səbəb ola biləcəyi üçün, qan analizi verməmişdən bir qədər əvvəl qəbul otağında əyləşərək sakitləşmək məsləhət görülür. Müayinə günlərində siz hər hansı bir dərman preparatları (əsasən də hormonal dərmanlar) qəbul edirsinizsə, bu haqda mütləq həkiminizə məlumat verin çünki dərman qəbul edilməsi də müayinə nəticələrinə təsir edə bilər. Qadın cinsi hormonlarının müayinəsi menstrual dövrün müxtəlif (menstruasiyanın ilk günündən saymaqla) günlərində aparılır (hansı konkret hormonun hansı gün təyin ediləcəyi həkim tərəfindən müəyyən edilir).
Müayinə olunan qadınlar onu da bilməlidirlər ki, hər bir laboratoriyada müxtəlif müayinə üsullarından və ölçü vahidlərindən istifadə oluna bilər. Buna görə də müayinələri hər zaman, müasir avadanlıqlarla təmin olunan və dəqiqliyinə daha çox etimad göstərilən müasir laboratoriyalardan birində aparmaq məsləhət görülür.

Müayinə üçün həkim qanda FSH (follikulstimullaşdırcı hormon), LH (lyuteyinləşdirici hormon), progesteron, estradiol, prolaktin, androgen (kişi cinsi hormonu), qalxanvari vəzin hormonlarının səviyyəsinin müəyyən edilməsini təyin edir.

FSH (follikulstimullaşdırıcı hormon).

Qanın bu hormona müayinəsi yalnız səhər saatlarında acqarına olmaqla, aybaşı tsiklinin həkim tərəfindən müəyyən edilən günündə aparılır. Bu çox vacib hormon olub, qadın yumurtalığında follikulların inkişaf etməsi prosesinə cavabdehlik daşıyır. Qanda FSH-nun səviyyəsinin artması hipofiz vəzisi patologiyasında və yumurtalıqların fəaliyyətinin çatışmazlığında baş verir. Follikulstimullaşdırcı hormonun səviyyəsinin azalması polikistoz yumurtalıqlar sindromu və piylənmə zamanı müşahidə olunur. FSH-nun səviyyəsinin qanda artması əksər hallarda disfunksional uşaqlıq qanaxmalarına, azalması isə aybaşının yox olmasına səbəb ola bilər.

LH (lyüteyinləşdirici hormon).

Qanın lyüteyinləşdirici hormona müayinəsi də yalnız səhər saatlarında acqarına olmaqla, aybaşı tsiklinin həkim tərəfindən müəyyən edilən günündə aparılır. Bu hormon qadın orqanizmində ovulyasiya və sarı cismin əmələ gəlməsini təmin edir. Sonsuzluğun diaqnostikası üzrə aparılan müayinə zamanı LH ilə FSH-nun bir-birinə olan nisbətinə nəzarət etmək lazımdır. Normal halda reproduktiv yaşda olan qadınlarda bu nisbət 1.5-dən 2.0-dək olur.
Qanda lyüteyinləşdirici hormonun səviyyəsinin artması polikistoz yumurtalıqlar sindromunda, yumurtalıqların tükənməsi sindromunda və hipofiz vəzisi şişlərində müşahidə edilir. Emosional streslər, aclıq, intensiv idman məşqləri nəticəsində də LH-nun artması baş verə bilər. LH-nun azalması hipofiz vəzi funskyanın pozulmasında, genetik pozğunluqlarında, piylənmə (ümumiyyətlə isə piylənmə hormonal tarazlığın pozulmasının həm səbəbi, həm də nəticəsi ola bilər) və digər xəstəliklər zamanı baş verə bilər.
Lyüteyinləşdirici hormonun çatışmazlığı, ovulyasiyanın olması nəticəsində, qadınlarda sonsuzluğun baş verməsinə səbəb olur!

PROGESTERON HORMONU.

Qanda bu hormonun müayinəsi LH və FSH kimi, yalnız səhər saatlarında acqarına olmaqla, aybaşı tsiklinin həkim tərəfindən müəyyən edilən günündə aparılır. Progesteron hamiləlik hormonu da adlanır. Belə ki, bu hormon uşalığın selikli qişasını rüşeym hüceyrəsinin implantasiyası (uşaqlıq divarına daxil olması) üçün hazırlayır, daha sonra isə uşaqlığın yığılması aktivliyini azaldaraq, dölün uşaqlıq daxilindən qopmasının qarşısını alır. Bu hormon, həmçinin uşaqlığın böyüməsini stimullaşdırır və sinir sisteminə təsir etməklə, onun hamiləliyin sona qədər daşınmasına və doğuşa hazırlayır.
Progesteron hormonun çatışmazlığı həm sonsuzluğun, həm də hamiləliyin sona çatdırılmamasının, həmçinin aybaşı tsiklinin pozulmasının səbəbi ola bilər (aybaşı çox az miqdarda qan ifrazı ilə olmaqla, nadir hallarda baş verərək az qan ifrazı ilə müşayət olunur, bəzən isə ümumiyyətlə, kəsilmiş olur). Qanda progesteronun azalmasına səbəb yumurtalıqlarda sarı cismin çatışmazlığı, ovulyasiyanın olmaması, daxili cinsiyyət orqanlarının iltihabi xəstəlikləri və.s. ola bilər. Progesteronun qanda artması yumurtalıqların və böyrəküstü vəzilərin şiş xəstəliklərində də ola bilər. Bu isə özünü uşalıq qanaxmaları və aybaşı tsiklinin pozulması əlamətləri ilə büruzə vermiş olur. Hamiləlik zamanı progesteronun artması normal hal hesab edilir.



mənbə: www.saglamolun.az


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.