Anadangəlmə bud çıxığı
Anadangəlmə bud çıxığı ciddi xəstəlik olub müalicə olunmadığı halda, hətta əlilliyə də səbəb ola bilər. Qızlarda bu xəstəlik oğlanlara nisbətən 5-10 dəfə çox rast gəlinir. Əvvəllər belə hesab edirdilər ki, anadangəlmə bud çıxığı hər hansı bir travmanın və ya iltihabi prosesin nəticəsi olaraq meydana çıxır. Aparılan müasir müayinələr nəticəsində bu xəstəliyin adətən bətndaxili dövrdə bud-çanaq oynağının inkişaf pozğunluqları nəticəsində əmələ gəldiyi aşkar edilmişdir.
Anadangəlmə bud çıxığının əsas simptomları aşağıdakılardır:
1. Şaqqıltı simptomu. Müayinə mütəxəssis tərəfindən aparılmalıdır. Uşağı kürəyi üstə uzandıraraq ayaqlarını diz və çanaq oynaqlarından qatlayırlar. Bu zaman şaqqıltı eşidilir, normalda bu hal olmamalıdır.
2. Normalda ilk aylarda körpənin budları bud-çanaq oynağında 80-90o-dək asanlıqla yana aralanır. Əks halda oynaqda hər hansı bir anomaliya olduğunu düşünmək olar. Ümumiyyətlə bu hal bəzən digər xəstəliklərdə, həmçinin normalda da təsadüf edilə bilər.
3. Uşağı qarnı üstə uzatsanız, sarğı büküşləri normalda simmetrik olmalıdır. Asimmetriya anadangəlmə bud çıxığının simptomu ola bilər.
4. Aşağı ətrafın qısalması. Yeni doğulmuşların həyatının ilk aylarında bu hala nadir hallarda rast gəlinir. Ayağın nisbi qısalmasını aşağıdakı kimi müəyyən etmək olar: körpənin ayaqlarını diz və bud-çanaq oynaqlarında bükmək lazımdır; bu halda diz oynaqlarının müxtəlif səviyyələrdə olması ayaqlardan birinin qısa olduğuna dəlalət edir.5. Bu əlamət anadangəlmə bud çıxığı olan tərəfdə qeyd edilir. Bu zaman pəncə sanki yan tərəfə çevrilmiş olur. Körpə yuxuda olan zaman bu əlamət daha yaxşı nəzərə çarpır və analar buna daha tez fikir verirlər.
Qeyd etmək lazımdır ki, göstərilən əlamətlər həkimə düzgün diaqnoz qoymaq üçün kifayət deyildir, bunlar yalnız şüphələr hesab edilir. Yalnız bud-çanaq oynağının USM və rentgenoqrafiyasının köməyi ilə uşaqda anadangəlmə bud çıxığının olması diaqnozunu təsdiq oluna bilər. Buna gorə də körpənin anadan olduğu ilk günlərdən onu həkim-ortopedə göstərmək və az da olsa şüphə yarandığı halda bud-çanaq oynağının USM və ya rentgenoqrafiyasını etmək lazımdır.
Anadangəlmə bud çıxığının müalicəsinin 2 əsas yolu var: konservativ və cərrahi.
Diaqnoz vaxtında və düzgün qoyulubsa, ilk növbədə konservativ müalicə tətbiq edilir.
Bu halda uşağın ayaqlarına müəyyən vəziyyət verməklə şina qoyulur. Bu uşağın ayaqlarını eyni vəziyyətdə saxlayaraq oynaqların düzgün inkişafına kömək edir ( bəzi hallarda gips sarğısından da istifadə olunur).
Müalicə üçün ideal dövr körpə həyatının ilk günləridir. Xəstəliyin gecikmiş diaqnostikası hallarında -1 yaşdan yuxarı dövrlərdə də konservativ müalicə tətbiq edilə bilər. Cərrahi metod adətən gecikmiş çıxıqlar zamanı tətbiq olunur.