Uşaqlarda kəllədaxili təzyiq (kdt)
Hal-hazırda yenidoğulmuş uşağlara uşaq nevropatoloqları tərəfindən ən tez-tez qoyulan diaqnozlardan biri-kəllədaxili hipertenziyadır ( və ya kəllədaxili təzyiq ). Bəs kəllədaxili təzyiq (KDT) necə xəstəlikdir? Kəllədaxili təzyiqi arterial təzyiqlə müqayisə etmək olar. KDT hər bir insanda vardır və müxtəlif təbii səbəblər üzündən qısa müddətə normadan yuxarı qalxa bilər: uşaq döş əmərkən, çox ağlayarkən və qışqırarkən, çox öskürərkən, güvəcdə (qarşokda) oturub gücənərkən və s. Hallarda KDT qalxa bilər. Təbii ki, KDT-nin belə qısa müddətli qalxması normal hal hesab edilərək heç bir müalicə tələb etmir.
KDT- baş beyin mədəciklərində və onurğa beyin kanalında, həmçinin beyinlə kəllə sümükləri və onurğa beyini ilə onurğa sütunu arasında olan likvor adlanan mayenin etdiyi təzyiqdir.
KDT-in patoloji şəkildə qalxması müxtəlif səbəblər nəticəsində baş verə bilər. Məsələn, südəmər dövrdə KDT-in yüksəlməsi baş beyinin inkişaf qüsurları və şişləri olan zaman, baş beyinin (ensefalit) və onun qişalarının (meningit) keçirilmiş iltihab xəstəliklərindən sonra, ciddi kəllə-beyin travmaları və s. səbəblərdən baş verə bilər. Beləliklə, KDT bir çox valideyinlərin düşündüyü kimi, müstəqil xəstəlik deyil, nadir hallarda rast gəlinən müxtəlif çox ağır xəstəlikərin simptomlarından biridir.
KDT əlamətləri südəmərlərdə və bir qədər böyük uşaqlarda tam fərqli şəkildə ola bilər. Südəmər körpələrdə KDT əlamətləri: adətən, başın ölçüsü sürətlə böyüyür ( yəni başın ölçüsü məsələn, 1 ay ərzində 7 sm-ə qədər artmış olur), göz almaları qabarır, aşağıya doğru meylli olur , ( günəş batması sindromu), böyük əmgək qabarmış (şişmiş) olur, kəllə tikişləri aralanır, qusma müşahidə edilir.
Yeri gəlmişkən qeyd edək ki, körpələrdə çəpgözlük KDT-nin mütləq göstəricisi deyil. Çünki 90% hallarda südəmər uşaqlarda 6 aylığına qədər çəpgözlük fizioloji hal kimi qiymətləndirilir.
Bir qədər böyük uşaqlarda KDT üçün qusma, davamlı baş ağrıları, əqli inkişafın ləngiməsi, hərəkət vərdişlərinin pozğunluqları, qıcolmalara meyllik və s. bu kimi simptomlar xarakterik ola bilər.
Qeyd etmək lazımdır ki, təkcə sadalanan simptomlar əsasında KDT-in artması diaqnozunun qoyulması düzgün hal deyil. Çünki bu simptomların hər biri ayrı-ayrılıqda praktiki sağlam uşaqlarda da rast gəlinə bilər.
Südəmər uşaqlarda KDT diaqnozu bağlanmamış böyük əmgəkdən aparılan kəllənin USM (neyrosonoqrafiya) nəticəsində qoyula bilər. USM-də likvorun artması nəticəsində baş beyin mədəciklərinin genişlənməsi aydın nəzərə çarpacaqdır.
Bir qədər böyük uşaqlarda KDT diaqnostikası üçün KT ( kompüter tomoqrafiyası) və ya MRT-dan (maqnit-rezonans tomoqrafiyası ) istifadə edilir.
Sonda bir daha qeyd etmək istərdik ki, KDT çox nadir hallarda müşahidə olunur və adətən, çox ağır və nadir rast gəlinən xəstəliklərin əlaməti kimi təzahür edir.
Əziz valideynlər! Məhz buna görə əgər sizin uşağınızın ilkin səthi müayinəsindən sonra həkim ona KDT diaqnozu qoymuş olarsa, bu həkimin yüksək ixtisaslı olması barədə xeyli dərəcədə şübhələnmək olar.