Südəmərlərin fiziki inkişafı
Südəmərlik dövrü uşağın anadan olduğu dəqiqədən bir yaşı tamam olana qədər olan dövrdür. Həyatının ilk dörd həftəsində uşaq yenidoğulmuş sayılır. Bu dövr üçün boy və çəkinin intensiv artması xarakterikdir.
Dölün yetkinliyi hamiləliyin 38-40-cı həftəsinə uyğun gəlir. Vaxtında doğulmuş uşaq təxminən 3,0-3,5 kq çəkiyə və 50-52 sm boya malik olur.
Bədən çəkisi 2500-6000 q, boy göstəriciləri isə 47-57 sm arasında tərəddüd edə bilər. Uşaq doğularkən onun çəkisi 4500 q-dan artıq olarsa, anaya gizli şəkərli diabeti aşkar etmək üçün müvafiq yoxlamadan keçməsi məsləhət görülür.
Doğulandan sonra ilk 3 gün ərzində uşaq bədən çəkisində 100-300 qr itirir. Bu hal bağırsaqların və sidik kisəsinin boşalması və uşağın ac qalması ilə əlaqədardır. 4-5-ci günlərdən başlayaraq uşağın bədən çəkisi artmağa başlayır və doğum evindən evə yazılan zaman ilkin göstəricilərə çatır.
Uşağın normal bədən çəkisini hesablamaq üçün xüsusi formul mövcuddur. 1 ayından 6 ayına qədər uşağın ilkin bədən çəkisinin üzərinə ayların sayını 800-ə vurmaqla alınan nəticəni əlavə etmək lazımdır. Məsələn, uşaq 3000 q çəki ilə anadan olmuşdursa, 2 ayında onun bədən çəkisi 4600 q olmalıdır. 7 ayından 12 ayına qədər olan müddətdə isə ilkin çəki üzərinə 6-ya vurulmuş 800 q və ikinci yarımillikdə ayların sayına vurularaq 400 q əlavə olunur.
Uşaq 3000 q çəki ilə anadan olmuşdursa, 8 aylığında onun bədən çəkisi nə qədər olmalıdır? Səkkizinci ay ikinci yarımilliyin ikinci ayı olduğundan, 3000+(800x6) + (400x2) = 3000 + 4800 + 800=8600 q.
Bir yaşına qədər uşağın boy, çəki və baş ölçüsü göstəriciləri ümumilikdə cədvəldəki göstəricilərə uyğun gəlməlidir. Bu uyğunluq təbii ki, hər zaman rast gəlinmir. Elə uşaqlar var ki, onların boy və çəki artımı il ərzində tarazlıqla artır. Bəzi uşaqlarda isə bu proses qeyri-mütamadi baş verir, belə ki, ya çəki boya üstün gəlir, ya da əksinə. Bədən quruluşunun genetik xüsusiyyətlərindən də çox şey asılıdır.
YAŞ Bədən
Çəkisi qramla 1 aya çəki artımı
qramla Boy sm-lə 1 aya boy
artımı sm-lə Başın dairəvi ölçüsü sm-lə Döşün dairəvi ölçüsü sm-lə
doğuş 3100-3400 - 50-51 - 34-35 32-34
1 ay 3700-4100 600 54-55 3 36-37 35-36
2 ay 4500-4900 800 55-59 3 38-39 37-38
3 ay 5200-5600 800 60-62 2,5 40-41 39-40
4 ay 5900-6300 750 62-65 2,5 41-42 41-42
5 ay 6500-6800 700 64-68 2 42-43 43-44
6 ay 7100-7400 650 66-70 2 43-44 45-46
7 ay 7600-8100 600 68-72 2 43,5-44,5 45,5-46,5
8 ay 8100-8500 550 69-74 2 44-45 46-47
9 ay 8600-9000 500 70-75 1,5 44,5-45,5 46,5-47,5
10 ay 9100-9500 450 71-76 1,5 45-46 47-48
11 ay 9500-10000 400 72-78 1,5 45,5-46,5 47,5-48,5
12 ay 10000-10800 350 74-80 1,5 46-47 48-49
Həyatının birinci yarımilliyində artıq çəkiyə malik uşaqlar 7-8-ci aylardan sonra hərəkət aktivliyi üzündən çəkini itirirlər. Bu səbəbdən də boy və çəkidə kiçik uyğunsuzluqlar valideynləri narahat etməməlidir. Lakin az çəki və kiçik boy, eləcədə istənilən boyda həddən artıq çəki həkimə müraciət etmək üçün tam göstərişdir.
Uşağın boyunu ev şəraitində ölçmək üçün adi santimetrlik xətkeşdən istifadə edirlər. Uşağı masa üzərinə elə uzadırırlar ki, başın təpə hissəsi divara dirənsin. Bu sıfır bölgüsüdür. Sonra ehmalca, dizləri yüngül təkanlarla düzəldərək dabana dirənmiş xətkeş üzərində uzunluğu qeyd edirlər. Bütün bunları uşaq tox və yuxudan durandan sonra etmək daha məsləhətlidir.
Çəkini müasir elektron tərəzilər vasitəsilə ölçürlər. Bunu səhər, körpəni yedizdirmədən qabaq etmək lazımdır.
Baş dairəni ölçmək üçün santimetrlik xətkeşin bir ucunu arxadan ənsə qabarları üzərinə, o biri ucunu isə öndən qaşüstü qövslərin üzərindən aparıb hər iki ucu birləşdirirlər və alınmış nəticəni qeyd edirlər.
Yenidoğulmuşun başı və üzü
Körpə anadan olarkən onun başı bir qədər deformasiyalı, kəllə sümükləri asimmetrik olur, başın bir tərəfində şişlər nəzərə çarpır. Belə deformasiyalara tez-tez rast gəlinir. Bu doğuş zamanı körpənin baş hissəsinin məruz qaldığı mexaniki təsirin nəticəsidir.
2-3 gündən sonra baş girdələşir, kəllənin bitişməmiş sahəsi- əmgək isə bir qədər gec bitişir. Əmgək elastik və çox qalın toxuma qatı, üzərindən isə dəri qatı ilə örtülüdür. Ana uşağı zədələməmək üçün onunla çox ehtiyatla davranmalıdır.
Böyük əmgək 8-16 aylarında tamamilə bağlanmalıdır. Kiçik əmgək körpə doğularkən bağlı olur və ya həyatın 2-3-cü aylarında bağlanır.