Gecikmiş doğuş
Hamiləlik müddətinin 42 həftə və daha artıq müddətdə davam etməsindən sonra baş verən doğuşlara gecikmiş doğuşlar deyilir. Bu zaman doğuş müddətinə qədər (normalda 40 həftə ) fəaliyyət göstərərək dölü oksigen və qida maddələri ilə təmin etmiş olan cift qocalaraq bir qədər zəif fəaliyyət göstərməyə başlayır. Bu isə döl orqanizimində müəyyən patoloji proseslərin başlanmasına səbəb olur.Vaxtından artıq daşınan dölün baş sümükləri bərkiyərək,doğuş prosesi zamanı onun uşaqlıq yolu ilə hərəkətini çətinləşdirir.
Oksigen çatışmamazlığından döl ilk nəfəsini uşaqlıq daxilində ala bilər ki, bu zaman dölyanı maye onun tənəffüs yollarına daxil olur. Bu vəziyyət ciddi antibakterial müalicə və ağ ciyərlərin uzun müdətli süni ventilyasiyasını tələb edir.
Dölün vaxtından artıq daşınmasının həqiqi halı müalicə həkimi tərəfindən aparılan əlavə müayinə üsullarının köməkliyi ilə dəqiqləşdirilir. Bu zaman əksər hallarda doğuşu süni şəkildə yaradırlar. Dölün həqiqi vaxtından artıq daşınmalarda dölyanı suların miqdarı az, rəngi yaşıla çalan, konsistensiyası isə qatı olur.
Bəzən dölün yanlış vaxtından artıq daşınması hallarına da təsadüf edilir. Bu zaman doğuş fəaliyyətinin olmaması dölün inkişafının ləngiməsi ilə əlaqədar olur ki, bu da döl üçün çox da təhlükəli hesab olunmur.