HEMANGİOMA
HEMANGİOMA
Hemangioma doğumdan etibarən ortaya çıxan xoşxassəli damar törəmələridir. Damar xalı olaraq da adlandırılır, qırmızımtıl və ya bənövşəyi rəngdə olur. Dəri üzərində qabarıq və ya səthi olan hemangiomalar vardır. Bəziləri isə daha dərində yerləşə bilir, bir neçə millimetr və ya bir neçə santimetr ölçüsündə ola bilirlər. Səthi hemangiomalar qırmızı, daha dərin olanlar isə mavitəhər bir rəng tonuna malik olur. Hemangiomaların niyə yarandığı tam dəqiq bilinmir, amma hesab olunur ki, damarların bir yerə yığılması ilə əlaqədar yarana bilir. Tək-tək və ya birdən çox da ola bilər. Birdən çox olan hemangiomalar "hemangiomatozis” adlanır.
Daha çox erkən və az çəki ilə doğulan uşaqlarda, xüsusilə də qız uşaqlarının 40%-də çox görülən hal olduğu təsdiq olunmuşdur. Bundan əlavə, ananın yaşlı olması, progesteron qəbul etməsi kimi fərqli faktorların riski artırdığı qeyd olunur. Bundan başqa genetik faktorların da hemangiomanin meydana gəlməsində rolu vardır.
Hemangiomalar bədənin damar olan hər yerində görülə bilər. Lakin dəridə və üz nahiyəsində daha çox təsadüf olunur. Daxili orqanlarda da rast gəlinən növləri vardır. Daxili orqanlardan daha çox qaraciyərdə rast gəlinir. Dərisində hemangioma olan bir xəstənin daxili orqanlarına da mütləq nəzər yetirmək lazımdır.
Damar xalları ən çox üz nahiyəsində, çənə hissədə və dodaq ətrafında görülür.
Riskləri nədir? - Hemangioma xoşxassəli damar törəməsi deməkdir. Yəni, xərçəngə çevrilmə və başqa riskləri yoxdur. Lakin vizual olaraq, harada yerləşməsindən asılı olaraq özü ilə birlikdə bəzi problemləri də gətirir. Məsələn, göz ətrafında olan və böyümə ehtimalı olan bir hemangioma gözə zərər verə bilər və görmə qabiliyyətinin itməsinə səbəb ola bilər. Dodaq ətrafında yerləşən və böyüyən hemangioma isə yemək vərdişlərini həyata keçirməyə mane ola bilir. Boyun bölgəsində yerləşən dərin hemangioma isə səs tellərinə zərər verərək səs batması kimi problemə səbəb ola bilər.
Səbəb olacağı sağlamlıq problemləri ilə birlikdə estetik olaraq da narahatlıq yaradır.
Hemangiomalar böyüməyə meyilli olur. Bəzi hemangiomalar dəridə bir ləkə olaraq ortaya çıxıb daha sonra qabarıq damar xalı formasında böyüyürlər. Bu cür ləkələr ilk 3 ay ərzində sürətli formada böyüyür. Sonra böyümə sürəti azalır və təqribən bir yaşda böyümə dayanır. Hər hemangioma böyümür. Bəziləri doğumdan sonra da olduğu kimi qala bilir. Bəzi hemangiomalar 1 yaşa qədər böyüyür, 18 ay sonrasında isə kiçilməyə başlayır. Bu kiçilmə 9 yaşa qədər davam edir. Bu yaşa qədər kiçilməyən hemangiomanın ömür boyu qalıcı olduğu təxmin edilir.
Kiçilən hemangiomalar isə tamamilə yox ola bilir və bu halda heç bir iz qalmır.
Qeyd etdiyimiz kimi, hemangiomaların 9 yaşa qədər kiçilib yox olma ehtimalı vardır. Buna görə də müalicəyə başlamadan öncə hemangiomanın böyüyüb böyümədiyi mütləq izlənməlidir. Hemangioma körpələrdə görüldüyü üçün bu müşahidə ailələr tərəfindən diqqətlə aparılmalıdır.
Müalicəyə məcbur edən bir vəziyyət yoxdursa 9 yaşa qədər gözləmək mümkündür. Lakin böyüməyə meyilli olan hemangiomaların harada yerləşməsindən asılı olaraq müalicəyə ehtiyac ola bilər. Məsələn, göz ətrafında yerləşən və böyüməyə meyilli olan hemangiomalar görmə qabiliyyətinin itirilməməsi üçün müalicə olunmalıdır.
Hemangioma üçün dəqiq müəyyənləşdirilmiş müalicə metodu yoxdur. Bəzi həkimlər dərmanla, bəziləri lazerlə müalicə üsulunu tətbiq edir, bəzi həkimlər isə əməliyyata müraciət edirlər. Müraciət etdiyiniz həkim və xəstəxanadan asılı olaraq müalicə metodu dəyişə bilər.
Əməliyyatla müalicə dedikdə hemangiomanın cərrahi yolla kəsilərək götürülməsi nəzırdə tutulur. Əməliyyatdan sonra iz qaldığına görə çox da məsləhət görülən müalicə metodu deyil. Çünki bu, hemangiomanın yaratdığı estetik qüsurun aradan qalxmaması deməkdir. Alternativ müalicə metodları mövcuddur.
Lazer müalicəsi isə dəri ləkələrinin və xalların müalicəsində geniş şəkildə istifadə olunur. Lazerlə uğurlu nəticələr əldə etmək mümkündür. Lakin lazer sadəcə səthi problemlərdə daha effektiv sayılır. Bu hal damar xalları üçün də keçərlidir. Səthi hemangiomalar lazerlə müalicə oluna bilir. Lakin dəridə qabarıq olan hemangiomaların lazerlə müalicəsi mümkün deyil.
Hemangioma müalicəsində dərmanlardan da istifadə olunur, bu dərmanlar kortizon, propranolol və aethoxysklerol tərkibli dərmanlardır.