Hamilələrdə damarların varikoz genəlməsi
Venaların varikoz genəlməsi xəstəliyi ən ağır stadiyadan başqa digər hallarda hamiləliyə əks göstəriş deyil.
VARİKOZUN YARANMA SƏBƏBLƏRİ
Venaların varikoz genəlməsi səbəbi venoz klapanların zədələnməsi və venoz divarların zəifliyidir. Bu zaman venalar böyümüş və şişmiş olur. Varikoz xəstəlik hamiləlik zamanı geniş yayılmışdır, xüsusən irsi meylliyi olan qadınlarda daha çox rast gəlinir. Hamiləlik zamanı venaların varikoz genəlməsi əsasən ayaqlarda, həmçinin xarici cinsiyyət orqanlarında da inkişaf edir. Venaların varikoz genəlməsi ilk vaxtlarəsasən kosmetik defekt kimi yaransa da, hamiləlik zamanı onlar ağrılya səbəb olur. Əgər sizdə varikoz xəstəlik əlaməti varsa və ya ona meyllik varsa onda həkim-fleboloqa müraciət edin. Varikoz xəstəliyin ağırlaşma riski hamiləliyin müddətindən asılı olaraq artır. Tromboflebit (varikozun ağırlaşmalarından biridir) doğuş zamanı və doğuşdan sonra təəssüf ki, tez-tez rast gəlinir və ananın, dölün həyatına təhlükə yaradır.VARİKOZUN İNKİŞAFINA SƏBƏB OLAN FAKTORLAR
-irsi faktor
-hamiləliyə qədər varikoz venaların və kapilyar torların olması
-kökəlməyə meyllik və piylənmə
-hərəkətsizlik
-uzun müddət günəşin altında olma
-təkrar hamiləlik
Hamiləlik zamanı qadının orqanizmində hormonal dəyişikliklər baş verir. Bu zaman böyüyən uşaqlıq venalara böyük təzyiq göstərir. Nəticədə ayaqda venoz qan dövranı pozulur. Hamilə qadının əlavə çəkisi, çoxdöllü hamiləlik ayağın dərin venalarına daha çox təzyiq göstərir. Bu cür əlavə təzyiq ayaqda səthi venaların genəlməsinə və şişməsinə səbəb ola bilər. Bu zaman venalar həm eninə, həm də uzununa dartılır. İrsi meylliyi olan hamilə qadınlarda hamiləlik zamanı təhlükəsiz olan profilaktik və müalicəvi tədbirlər görmək lazımdır .VARİKOZUN PROFİLAKTİKA VƏ MÜALİCƏSİ
Ən əvvəl hamiləlik zamanı uzun müddət oturmaq və durmaq olmaz. Çox vaxt yanakı uzanıb dincəlmək lazımdır. Bu kiçik çanaq və ayaq venalarında olan təzyiqi götürür və qan dövranını normallaşdırır.
İkinci-oturan və uzanan zaman ayaqları qaldırmaq.
Üçüncü-hamiləlik zamanı varikozun proqressivləşməsinin qarşısını almaq üçün müalicəvi sıxıcı corablardan istifadə etmək lazımdır.
Müalicəvi corablar ayaqda venoz qanın dərin venalardan səthi venalara keçməsinə kömək edir. Bu corablar qanı zədələnməmiş damarlara paylayır. Bundan başqa bu corablar nəinki genəlmiş səthi venalara, eləcə də ayağın dərin venalarına təzyiq edir, kiçik damarlarda qan dövranını, dəri və dərialtı toxumanın qidalanmasını yaxşılaşdırır. Corabların yaratdığı təzyiq nəticəsində trombların əmələ gəlməsi azalır. Sıxıcı corablar hamiləlik boyunca və doğuşdan sonra 6-8 həftə ərzində geyinilməlidir.
Dördüncü-varikozu olan hamilələr qan dövranını yaxşılaşdırmaq üçün fiziki hərəkətlər etməlidirlər.
Hamiləlik zamanı varikozun yalnız ağır formalarında cərrahi müdaxilə edilir və ya varikoz damarların daxilinə dərman maddəsi yeridilir.
Doğuş zamanı və doğuşdan sonra trombozun profilaktikası məqsədilə antitromboembolik corablar geyinilməlidir.
Hamiləlikdən sonra varikoz damarlar həmişə öz əvvəlki vəziyyətinə qayıtmır.
Əgər sizdə varikoz venalar varsa, onda bütün hamiləlik boyunca fleboloqun nəzarətində olmalısınız.