Uşaqliqdan kənar hamiləlik
Bəzi hallarda mayalanmış döl uşaqlıq divarına deyil, başqa yerə (uşaqlıq borusuna, uşaqlıq boynuna, qarın boşluğuna və.s.) implantasiya edir (bərkiyir). Buna uşaqlıqdankənar hamiləlik deyilir. Statistik məlumatlara əsasən uşaqlıqdankənar hamiləlik 95% hallarda uşaqlıq borusunda, nadir hallarda uşaqlıq boynu, qarın boşluğu və ya yumurtalıqda inkişaf edə bilər. Çox nadir hallarda eyni zamanda iki yumurta hüceyrəsi mayalanaraq biri uşaqlıq daxilində, digəıri isə başqa yerdə inkişaf etməyə başlayır.
Uşaqlıqdankənar hamiləlik adi (normal) hamiləlik kimi inkişaf edə bilməz. Təyin olunduqdan dərhal sonra belə hamiləlik dayandırılmalıdır ki, ağır fəsadlara (uşaqlıq borusunun partlaması və qanaxma) gətirib çıxarmasın.
Hamiləliyin əvvəlində uşaqlıqdankənar hamiləlik özünü adi hamiləlik kimi "aparır”: menstruasiya gecikir, hamiləlik testi müsbət (2 zolaq) nəticə göstərir, qadında ürəkbulanma, qusma, başgicəllənmə və.s. olur. Lakin inkişaf etdikcə uşaqlıq borusu divarına daxil olan döl yumurtası onu tədricən parçalayır. Bundan əlavə, böyüməkdə olan döl yumurtası borunun dartılmasına səbəb olur. Bu da son nəticədə borunun partlamasına və güclü qanaxmaya gətirib çıxarır. Bu çox təhlükəli haldır. Belə boru mütləq cərrahi yolla xaric edilməlidir. Nəticədə isə qadında hamilə qalmaq ehtimalı da azalmış olur.
Uşaqlıq boynu hamiləliyi zamanı baş verən qanaxma isə daha təhlükəli hesab edilir. Bu zaman qanaxmanı dayandırmaq üçün həkimlər uşaqlığın xaric edilməsinə məcbur ola bilərlər (yumurtalıqlara dəyməmək şərti ilə).
Hər bir qadın bilməlidir ki, o, uşaqlıqdankənar hamiləlikdən heç vaxt 100% sığortalanmayıb. Bu səbəbdən hamilə qadın ən erkən dövrdə (hamiləliyin 5-ci 6-ci həftəliyində) USM müayinəsindən keçməlidir ki, uşaqlıqdankənar hamiləlik istisna olunsun.
Əgər uşaqlıqdankənar hamiləliyin diaqnozu ilkin dövrlərdə qoyularsa, bu zaman problem cərrahi müdaxiləsiz (xüsusi dərman preparatları vasitəsilə) həll oluna bilər. Əgər diaqnoz daha gec qoyularsa, bu zaman laparoskopik əməliyyat təyin oluna bilər. Bu müasir üsulun tətbiq edilməsi nəticəsində embrion xaric olunduqdan sonra boru saxlanılır.
Daha gecikmiş mərhələlərdə (boru partladıqda və qanaxma baş verdikdə) açıq cərrahi əməliyyata əl atılır və zədələnmiş boru xaric olunur.