Hamilə qadınların səhhətinin qorunması
Hamilə qadınlara bütün növ isti proseduralar (sauna, isti vanna), çox isti havada çimərlikdə olmaq məsləhət görülmür. Ananın bədən hərarətinin artması dölün hərarətinin artmasına səbəb olur ki, bu da onun orqanizmində mübadilə prosseslərini pozaraq onun mərkəzi sinir sisteminə mənfi təsir göstərir. İsti proseduraları ilıq duşlarla əvəz etmək məsləhət görülür.
Hamilə qadınlara sintetik materialdan tikilmiş paltarların (xüsusən alt paltarların) geyilməsi məsləhət görülmür. Belə geyimlər dəri tənəffüsünün və tərləmənin qarşısını alaraq qadın orqanizminə mənfi təsir göstərir. Belin dar kəmərlər və rezin vasitələrlə sıxılmasına yol verməmək, rezinli corab və qolfiləri geyinməkdən də çəkinmək lazımdır. Rezin vasitələr damarları sıxaraq ayaqlarda qan dövranının pozulmasına səbəb olur. Məhz bu prinsipi nəzərə alaraq hamilə qadınlara oturarkən bir ayağını digərinin üzərinə asmaq da məsləhət deyil.
Hamilə qadınlara hündürdaban, həmçinin baldırı dar olan uzunboğaz çəkmələrin geyilməsi də qadağan olunmalıdır.
Gələcək analara təbii parçalardan (pambıq, kətan, yun) tikilmiş paltarlar, qarın saxlayan bandajlar və rahat ayaqqabılar geymək məsləhətdir.
Yuyucu tozların və təmizləyici maddələrin, həmçinin yüksəktezlikli elektrik peçlərin (sobaların) orqanizmə olan mənfi təsirləri sübut olunmasa da, həkimlər hamiləlik dövründə onlardan istifadə olunmasını məhdudlaşdırmağı məsləhət görürlər. Bundan başqa, ağır yüklər qaldırmaq, əyilmiş vəziyyətdə iş görmək, ayaq tikiş maşını ilə tikmək, vibrasiyalara məruz qalmaq da qadağan edilir.
Hamiləlik zamanı oksigenə tələbat artmış olur. Ona görə də gün ərzində 2 saatdan az olmayaraq, nəqliyyatın və səs-küyün intensiv olmadığı ərazilərdə, parklarda və digər yerlərdə gəzmək vacib qaydalardan hesab olunur.
Hamilə qadın gün ərzində 10 saatdan az olmayaraq havası tez-tez dəyişilən otaqda yatmalıdır. Bu dövrdə yuxugətirici dərmanların qəbul edilməsi yolverilməzdir.
Növbəti əmək məzuniyyətini isə hamiləliyin ilk 3 ayı ərzində götürmək daha məsləhətdir. Məhz bu zaman dölün daxili orqanlarının formalaşması baş verir. Ona görə də bu dövrdə zərərli faktorların dölə təsiri daha təhlükəli hesab olunur. Hamiləliyin 7-ci ayından sonra istənilən nəqliyyat növü ilə uzun səfərlərdən çəkinmək, doğuş yerinə yaxın olmaq vacibdir.
