Hamiləlik və diabet
Son dövrlərdə şəkərli diabeti olan hamilələrin sayının artması müşahidə olunur. Şəkərli diabeti olan qadınlarda hamiləlik və doğuş prosesi müxtəlif patalogiyalarla özünü biruzə verir.
Şəkərli diabet və hamiləlik problemi akuşerlərin, ginekoloqların, endokrinoloqların, neonatoloqların diqqət mərkəzindədir.
Klinik praktikada şəkərli diabetin 3 növü müəyyən olunmuşdur:
I-ci tip-insulindən asılı
II-ci tip -insulindən asılı olmayan
III-cü tip -hestasion diabet (hamiləliyin 28-ci həftəsindən sonra inkişaf edir və hamiləlikdən sonra keçir.)
Hamilələrdə karbohidrat mübadiləsi inkişafda olan dölün qlükozaya olan tələbatı ilə əlaqədar dəyişilir. Karbohidrat mübadiləsində yaranan dəyişikliklər plasentar hormonlar: plasentar laktogen, estrogen, progesteron, kortikosteroidlər ilə əlaqədardır. Ona görə hamiləliyə diabetogen faktor kimi baxılır.
Diabetin yüngül forması-acqarnına qanda şəkərin miqdarı 6,66 mmol\l-dən çox olmur, sidikdə keton cisimləri olmur.
Orta dərəcə-qanda şəkər 12,21mmol\l dən çox olmur, sidikdə keton cisimləri olmur və ya az olur.
Ağır dərəcə-qanda şəkər 12,21 mmol\l-dən çox olur. Sidikdə keton cisimləri artır. Bundan başqa angiopatiyalar (arterial hipertoniya, ürəyin işemik xəstəliyi, baldırda trofik yaralar), retinopatiya (gözün torlu qişasının zədələnməsi), nefropatiyalar (böyrəklərin zədələnməsi-nefroangioskleroz) yaranır.
50% hamilələrdə tranzitor (keçici) diabetə rast gəlinir. Bu hal hamiləliklə əlaqədardır və doğuşdan sonra keçir. Digər hamiləlik zamanı bu proses təkrarlana bilər. Latent formalı diabetdə klinik əlamətlər müşahidə olunmur.
Diabetin ilkin əlamətləri : ağızda quruluq, yanğı hissi, poliuriya(sidik ifrazının artması), iştahanın artması ilə yanaşı arıqlama, ümumi zəiflik, dəri qaşınması.
Şəkərli diabet bütün hamilələrdə eyni cür olmur. Diabetin klinik dəyişiklikləri 3 mərhələdə olur.
Birinci mərhələ-hamiləliyin 10 həftəliyindən başlayır və 2-3 ay davam edir. Bu mərhələ qlükozaya qarşı tolerantlığın artması, insulinin xaric olmasının stimulyasiyası ilə xarakterizə olunur.
İkinci mərələ-hamiləliyin 24-48 həftəliyində baş verir. Qlükozaya qarşı tolerantlıq azalır. Diabetik şikayətlər artır, qlükozuriya, ketoasidoz yaranır.
Üçüncü mərhələ-bu mərhələdə baş verən dəyişikliklər doğuş və ya doğuşdan sonrakı dəyişikliklərlə əlaqəli olur. Doğuş zamanı metabolik asidoz yarana bilər. Doğuşdan sonra qlükozaya qarşı tolerantlıq artır. Laktasiya dövründə insulinə tələbat hamiləliyə nisbətən aşağı olur.
Diabetin gedişatına böyrəklərdə baş verən dəyişikliklər, xüsusən böyrəklərdə şəkərin reabsorbsiyasının azalması təsir göstərir. Bu dəyişikliklər hamiləliyin 4-5 aylığında baş verir. Hamiləliklə diabetik nefropatiyanın birgə rast gəlinməsi gecikmiş toksikozun inkişafına səbəb olur.
Şəkərli diabetin tez-tez rast gəlinən ağırlaşmaları: hamiləliyin vaxtından əvvəl pozulması, gecikmiş toksikozlar, dölyanı mayenin artması, sidik-ifrazat yollarının iltihabı. Hamiləliyin vaxtından əvvəl pozulmasına 20-27-ci həftəlikdə, toksikozlara isə hamiləliyin 30-cu həftəliyində rast gəlinir. Bu zaman hipertoniya və ödemlər inkişaf edir.
Diabetik nefropatiya, pielonefrit və gecikmiş toksikozun birlikdə baş verməsi ana və döl üçün çox təhlükəlidir. Diabetlə doğulmuş uşaqlar xarici görünüşünə görə fərqlənirlər. Belə uşaqlar iri həcmli olur. Onların daxili orqanları hipertrofiyalaşır, beyin və qalxanabənzər vəzinin ölçüləri isə kiçilir. Orqanlar funksional cəhətdən inkişafdan geri qalır. Yenidoğulmuşlarda metabolik asidoz və hipoqlikemiya müşahidə olunur. Yenidoğulmuşlarda çox vaxt respirator dəyişikliklərə, ürək, sinir sistemi, sümük sistemi qüsurlarına rast gəlinir.
Hamiləliyin davam etməsinə əks göstərişlər:
1.hər iki valideyndə diabet
2.yuvenil diabet (angiopatiya ilə ağırlaşmış)
3.şəkərli diabetlə birlikdə aktiv vərəmin müşahidə olunması
4.ketoasidoza meylli insulinərezistent diabet
5.şəkərli diabet və rezus konfliktin birgə müşahidəsi
Şəkərli diabetin doğuşa təsiri:
Doğuşun çətinləşməsi dölün iri olması ilə əlaqədardır. Bu zaman doğuş gücü zəifləyir, dölyanı maye vaxtında xaric olmur, döldə hipoksiya, ananın və körpənin doğuş zamanı travmaya məruz qalması müşahidə olunur.
Diabeti olan hamilələrdə keysəriyyə əməliyyatına göstəriş:
-şəkərli diabetin ağırlaşması
-dölün çanaq gəlişi
-iri döl
-döldə hipoksiyanın artması
Doğuşdan sonrakı dövrün ağırlaşmaları
-qanaxma
-infeksion xəstəliklərin inkişafı
-dəridə olan yaraların geç sağalması
Doğuşdan sonra xəstənin insulinə tələbatı azalır və 2 həftədən sonra isə bu tələbat artır.
Ana süd verən zaman hipoqlikemiya yarana bilər. Ona görə də hər dəfə süd verməzdən əvvəl ana karbohidrat tərkibli qidalar qəbul etməlidir.
Hestasion şəkərli diabeti olan qadınlarda doğuşdan sonra şəkərin səviyyəsi normaya düşür. Doğuşdan sonra insulin terapiyası dayandırılır.
Dibetli qadının dünyaya gətirdiyi uşaqlara doğuşdan sonra reanimasion tədbirlər görülür. Belə uşaqlarda diabetik fetopatiya əlamətləri müşahidə olunur.
-artıq çəki
-üzün şişməsi
-qısa boyun
-pastozluq
-hipertrixoz
-kardiomiopatiya
-hepatomeqaliya
-splenomeqaliya
Bu cür uşaqlara xüsusi nəzarət olunur. Həkimlər xüsusən tənəffüs çatmamazlığı, hipoqlikemiya, asidoz və mərkəzi sinir sisteminin zədələnmələri ilə mübarizə aparırlar.
Hamiləlik və doğuş zamanı müxtəlif patalogiyalarla qarşılaşmamaq üçün hamiləlikdən əvvəl müayinələrdən keçmək və həkim-endokrinoloqun nəzarətində olmaq lazımdır.