Hamiləlik müddəti
Qadınlarda hamiləlik orta hesabla 9 təqvim ( 10 mama ) ayı, başqa sözlə, 40 həftə (280 gün ) davam edir. Hamiləliyin başlanğıcı son menstruasiyanın (aybaşı ) ilk günündən hesablanır. Ancaq bu zaman ovulyasiyanın (mayalanmaya hazır olan yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı ) günü dəqiq olmadığı üçün bu üsulu da dəqiq hesab etmək olmaz. Bunu həmçinin dolün tərpənişinin ilk günündən hesablamaqla da müəyyən etmək olar. Belə ki, bu təxminən 1-ci hamiləliyin 20-ci həftəsinə, təkrar hamiləliyin isə 18-ci həftəsinə təsadüf edir.
Hamiləlik qadın yumurta hüceyrəsinin kişi yumurta hüceyrəsi (spermatozoid) ilə uşaqlıq borusunda birləşməsindən- mayalanmadan başlayır. Mayalanmış yumurta hüceyrəsi bölünməyə və uşaqlıq borusu ilə hərəkət etməyə başlayır və 7-8 gün ərzində uşaqlıq boşluğuna çatır. Bölünmə yolu ilə artan və “ blastomer“ adlanan hüceyrələr kompleksi ifraz etdikləri fermentlərin təsiri ilə uşaqlığın selikli qişasını əridərək oraya implantasiya olurlar (birləşirlər).
Əgər mayalanmış yumurta hüceyrəsi uşaqlığa deyil başqa yerə (uşaqlıq borusu, yumurtalıq və ya qarın boşluğuna ) implantasiya edirsə, bu zaman patoloji hal sayılan uşaqlıqdankənar hamiləlik baş verir ki, bu da mütləq cərrahi müdaxilə tələb edir .
Hamiləlik mama-ginekoloq tərəfindən dölün tərpənməsi və onun ürək döyünməsi əlamətləri müəyyən edildikdən sonra mübahisəsiz olaraq təsdiq olunur. Ancaq bu əlamətlər hamiləliyin kifayət qədər daha gec dövrlərində həkim müayinəsi zamanı müəyyən edilir. Hamiləlik testləri adlanan laborator üsullarla hamiləliyin daha tez dövrlərində təxmini diaqnoz qoymaq mümkün olur, ancaq son diaqnozu yenə də mama-ginekoloq qoyur.