ŞƏKƏRSİZ DİABET
Şəkərli diabet olduğu kimi bir də qeyri-adi, nadir rast gəlinən, amma artıq çox insanlarda diaqnoz olunan şəkərsiz diabet növü də var. Bu hipotalamus vəzin sintez etdiyi ADQ və ya vasopressin adlı hormonun çatışmazlığından yaranır. Eləcə də böyrək toxumasından qaynaqlanır.
Şəkərsiz diabetin əsas göstəricisi normadan həddən çox sidik ifrazıdır ki, orqanizmdə dehidratasiyaya səbəb olur. Bu da insan üçün həyati təhlükəlidir. Çoxları bunu böyrək xəstəliyi və şəkərli diabet ilə səhv salır. Amma qanda şəkər artıq çıxmadıqda arxayınlaşır. Daha çox gənclərdə 17-35 yaş arası rast gəlinir.
Yaranma səbəblərinə gəldikdə daha çox kəllə-beyində, hipofizdə şişləri, törəmələri olanlarda; damar pozulmaları; iltihab prosesləri – sifilis, vərəm; kəllə daxili travma alanlarda, anadangəlmə böyrək patologiyası ilə doğulanlar; böyrək çatışmazlığı, dializ xəstələrində; bir sıra preparatlarla zəhərləndikdə; hamilələrdə müvəqqəti olaraq yaranır sonra keçib gedir.
Əsas əlamətləri bunlardır:
- Sidiyin miqdarı çox olur- təxminən 5-10 litr
- Güclü yanğı hissi – çox su içmək
- Dərinin quruması
- Orqanizmin susuzlaşması
- Gecə tez-tez sidiyə getdikdə yuxusuzluq, əsəbilik, tez yorulma
- Susuzlaşma səbəbindən çox tərləmə, ağızda quruluq
- Ürək döyüntüsü artır, təzyiq düşür
- Qusma, ürəkbulanma və s.
Şəkərsiz diabetin dörd tipi ayırd edilir: mərkəzi şəkərsiz diabet; nefrogen şəkərsiz diabet; dipsogen şəkərsiz diabet; hestasion şəkərsiz diabet.
Mərkəzi tipli şəkərli diabet daha ciddi formasıdır və hipotalamo-hipofizar sahənin zədələnməsi nəticəsində inkişaf edir. Onun səbəbi onkoloji proses, kəllə-beyin travmaları, infeksion xəstəliklər, meninqoensefalitlər, beyin damarlarının anevrizmaları, neyrocərrahi əməliyyatlar və ya genetik defektlər olur. Patologiyanın həmin növünün müalicəsi üçün antidiuretik hormonun sintetik analoqu olan desmopressinlə əvəzedici terapiya təyin olunur.
Nefrogen şəkərsiz diabet böyrəklərin antidiuretik hormona qarşı həssaslığının itməsi nəticəsində yaranr və onun səbəbi bəzi dərman maddələri, məsələn, litium preparatları, böyrəklərin polikistozu, oraqvari hüceyrə anemiyası, xroniki böyrək çatışmazlığı və ya genetik pozulmalar ola bilir. Nefrogen şəkərsiz diabetin müalicəsində sidikqovucular, qeyri-steroid iltihab əleyhinə preparatlar təyin olunur və qəbul edilən qidada xörək duzunun miqdarı azaldılır.
Bəzi hallarda mərkəzi tiplə nefrogen şəkərsiz diabeti ayırmaq üçün desmopressinlə sınaq müalicə aparılır və həmin preparat nefrogen tipdə səmərəsiz olur.
Dipsogen şəkərsiz diabet hipotalamusda yerləşən susuzluq mərkəzinin anadangəlmə qüsuru və ya zədələnməsi nəticəsində yaranır. Zədələnmə anomal susuzluq hissinin yaranması və xəstənin hədsiz miqdarda çoxlu maye qəbul etməsi ilə nəticələnir. Çoxlu su qəbulu qanda vazopressinin səviyyəsinin yüksəlməsinə və sidik idrazının artmasına səbəb olur. Dipsogen diabet əksər hallarda psixi pozulmalarla müşayiət olunduğundan onun adekvat müalicəsi müəyyən olunmayıb.
Hestasion şəkərsiz diabet hamiləlik zamanı yaranır, bu zaman plasenta fermentləri ananın qanında olan antidiuretik hotmonu parçalayır. Patologiya adətən III trimestrdə baş verir və doğuşdan sonra spontan olaraq keçir. Hamiləlik müddətində desmopressin preparatlardan istifadə olunur.
Bu xəstəliyin diaqnozu və müalicəsi üçün endokrinoloq və terapevtə müraciət edilir və sutkada 5 litrdən çox sidik ifrazı barədə məlumat verilir.
Sidik analizi, qan analizi, hormonal analiz, baş beynin MRT-si, böyrəklərin USM-i aparılır.
Müalicə üçün ilk növbədə hipotalamus qaydaya salınmalıdır, törəmə varsa əməliyyatla götürülməlidir.
Hormon azlığına görə sintetik vazopressin təyin edilir.
Paralel olaraq orqanizmin su mineral balansı bərpa olunur, infuziya təyin edilir