QADIN CİNSİYYƏT SİSTEMİ XƏSTƏLİKLƏRİ.
QADIN CİNSİYYƏT SİSTEMİ XƏSTƏLİKLƏRİ.
Yumurtalıqların xəstəlikləri.
Yumurtalığın kistası.
Yumurtalığın kistası – yumurtalığın səthində və ya daxilində olan boşluğu (içərisi maye ilə dolmuş kisəşəkilli şiş) törəmələrdir. Hazırki dövrdə bu, kifayət qədər yayılmış xəstəlikdir.
Yuxarıda biz yumurtalıqların fəaliyyəti barədə məlumat vermişdik. Qısada olsa, onu təkrar edək. Yumurtalıqların işini idarə edən hormonların təsiri altında mayalanma üçün bir və ya bir neçə follikul yetişərək böyüməyə başlayırlar. Müəyyən bir müddətdən sonra bir və ya bir neçə follikul daxilində yumurta hüceyrəsi daşıyan yetişmiş follikula çevrilir. Hormonların təsiri alrtında yetişmiş follikul partlayır və bu zaman yumurta hüceyrəsi qarın boşluğuna düşür. Follikul mayesi öx axarı ilə yumurta hüceyrəsini uşaqlıq borusunun qıfşəkilli hissəsinə istiqamətləndirir. Müvafiq şərtlər daxilində məhz uşaqlıq borusunda mayalanma baş verir.Dağılmış follikulun yerində sarı cism əmələ gəlir ki, o da aktiv şəkildə progesteron hormonu ifraz etməyə başlayır. Mayalanma baş vermədikdə isə sarı cism yumurtalıqda 10-14 gün yaşadıqdan sonra məhv olur və nəticədə menstruasiya (aybaşı) baş verir.
Bu, normal halda belə olur. Bəzən isə bu və ya başqa səbəblərdən bu prossesdə pozğunluq baş verir. Məsələn, içərisində yumurta hüceyrəsi olan follikul müəyyən bir anda donur və özünün sonrakı inkişafını dayandırır. Müəyyən dövrdə inkişafını dayandırmış olan bu follikul, onun hüceyrələri tərəfindən qadın cinsi hormonlarının artıq dərəcədə hazırlanması nəticəsində, follikulyar kistaya çevrilir. Bu kistanın ölçüsü bəzən 6sm-dək çata bilir. Bu zaman yumurta hüceyrəsi yumurtalıqdan çıxmır, uşaqlığın daxili selikli qişası olan endometiumun qalınlaşaraq inkiişaf etməsi baş vermir ki, bununda nəticəsində aybaşı 10-15 gün müddətinə ləngimiş olur. Bu, kistanın əmələ gəlməsinin bir variantıdır. Bundan əlavə, başqa variantlar mövcuddur. Məsələn, sarı cism sakitcə "solmaq” əvəzinə sürətlə inkişaf etməyə başlayır, aktiv şəkildə progesteron hazırlayır və bunun nəticəsində sarı cismin kistasına (və ya lüteyin kistasına) çevrilir.
Kistaların əmələ gəlməsinin əsas səbəbi qadın orqanizmində olan hormonal pozğunluqlardır. Yumurtalığın fəaliyyəti nəticəsində əmələ gələn kistaların müalicəsinə, adətən, heç bir ehtiyac olmur (həkimlər bu kistaları funksional kistalar adlandırır). Adətən funksional kistalar bir-iki aybaşı tsikli ərzində öz-özünə sorulurlar. Kistalar sorulduqda dəyişilmiş aybaşı baş verir – adi halda olduğundan da çox və ya az miqdarda qanaxma olur və ya daha uzun müddət cinsi yollardan cüzi qan ifrazı ilə müşayət olunur.
Funksional kistalar kiçik ölçülü olduqda, adətən, heç bir əlamətlə özünü büruzə vermir və təsadüfən ultrasəs müayinəsi (USM) zamanı aşkar edilir. Iri funksional kistalar isə qarının aşağı hissəsində və cinsi akt zamanı ağrılara səbəb ola bilərlər. Bu halda qadınlar mütləq həkimə müraciət etməlidirlər.
Əgər müayinə zamanı qadında yumurtalığın kistası müəyyən edilərsə, həkim onu bir-iki aybaşı tsikli ərzində nəzarətdə saxlayır. Nəzarət dövründə qadın qarının aşağı hissəsinə isti tətbiq edilməsi ilə olan müalicə üsullarından (palçıq müalicəsi və digər bu kimi üsullar) istifadə etməməlidir! Çünki bu zaman kiçik çanaq üzvlərinin – həmçinin yumurtalıqların qan dövranı güclənmiş olur. Buna isə yol vermək olmaz! Çünki bu zaman kistanın böyüməsi və son nəticədə partlaması baş verə bilər. Belə xəstələrə sauna və isti hamama getmək, isti vanna qəbul etmək olmaz. Onları ilıq duş altında yuyunmaqla əvəz etmək olar. Günəş vannalarını isə səhər saat 11-dək və axşam saat 18-dən sonra qəbul etmək olar.
Növbəti aybaşıdan sonra qadın yenidən ultrasəs müayinəsindən (USM) keçir. Əksər hallarda növbəti aybaşı zamanı funksional kista ya tamam yox olur, ya da xeyli dərəcədə kiçilir, daha növbəti aybaşıdan sonra isə bütünlüklə yox olur. Sorulma baş vermədiyi halda isə qadına hormonal preparatlarla müalicə yazılır. Bu müalicənin nəticəsində yumurtalığın kistası, adətən, sorulmuş olur. Əgər yumurtalıq kistasının müalicəsi üç ay ərzində effekt vermirsə , bu halda onu cərrahi yolla xaric edirlər.
Funksional kistalardan savayı, yumurtalıqlarda həqiqi kistalar da əmələ gələ bilir. Bu kistalar yumurtalıqların fəaliyyəti ilə əlaqədar olmayıb faktiki olaraq yumurtalığın şişi hesab olunur. Yumurtalıqların bir neçə növ həqiqi kistası olur. Onlar qurluşuna, inkişaf sürətinə, bədxassəliyə keçməsi (yəni bədxassəli şişə, xərçəngə keçə bilməsi və ya bilməməsi) kimi xüsusiyyətləri ilə bir-birindən fərqlənirlər.
Həqiqi kistaların əmələ gəlməsinin səbəbləri hələ də dəqiq şəkildə müəyyən edilməmişdir. Həkimlər hesab edirlərki, onların əmələ gəlməsinə təkan verən faktor qadın orqanizmində lyüteyinləşdirici hormonla (LH) follikulstimullaşdırıcı hormonların (FSH) nisbətinin pozulması olur. Daimi streslər, arıqlamaq məqsədi ilə tutulan kəskin pəhrizlər, qadın cinsi orqanlarının müxtəlif infeksiyaları – yumurtalıqların fəaliyyətinə mənfi təsir edirlər ki, bunlar da həqiqi kistaların yaranmasında müəyyən rol oynayırlar. Həqiqi kistaların müalicəsi yalnız cərrahi yolla aparılır. Bu kistalar qadın orqanizmi üçün çox təhlükəli hesab olunur ki, onlar şişə (xərçəngə) çevrilə bilərlər. Buna görə də, yumurtalığın kistasına görə nəzarət altına götürülmüş xəstədə aybaşıdan sonra kista sorulmazsa və ya heç olmasa kiçilməzsə (bəzi hallarda əksinə olaraq kistanın ölçüsü daha da artmış olarsa), qadının tam şəkildə müayinəsi aparıldıqdan sonra, tələb olunduğu halda kista cərrahi yolla xaric edilməsi əməliyyatı aparılır. Hazırda bu əməliyyatlar az travmatik laparoskopik üsulla aparılır. Bu zaman qarın boşluğuna bir neçə kiçik dəliklə (5-10mm) daxil olmaqla optik cihazların köməkliyi ilə xüsusi cərrahi alətlərlə həqiqi kistaları xaric edirlər.
Bəs hansı əlamətlərə görə qadın özündə həqiqi kista olduğundan şübhələnə bilər.
Belə kistaların bəziləri kişi hormonları ifraz edirlər ki, bu da qadının ümumi görkəmini dəyişərək onu yeniyetməyə oxşadır. Əfsuslar olsun ki, bu şişlər praktiki olaraq hər bir halda bədxassəli olurlar. Elə kistalar olur ki, onlar xeyli miqdarda qadın cinsi hormonları ifraz edirlər. Bunun nəticəsində qız uşaqlarında vaxtından qabaq cinsi yetkinlik inkişaf edir, dölyaratma yaşında olan qadınlarda aybaşı tsikli dəyişir, qaydasız qanaxmalar olur, yaşlı qadınlarda elə bil ki, orqanizm cavanlaşır, aybaşıları qayıdır. Kistaların bu növü də xeyli təhlükəli hesab edilir. Çünki bu kista da xərçəngə çevrilə bilər.
Ölçüsü böyük olan kistalar qarının aşağı hissəsində olan ağrılara, cinsi akt zamanı ağrıya, sidik kisəsini sıxışdırdığı halda tezləşmiş sidik ifrazı və ya sidiyi saxlaya bilməmək kimi əlamətlərin əmələ gəlməsinə səbəb ola bilər. Bəzi hallarda kistanın partlaması da baş verə bilər. Bu zaman qarında kəskin ağrılar, ürəkbulanma, bədən temperaturunun yüksəlməsi və.s əlamətlər qeyd edilə bilər.
Beləliklə, əgər qadın özündə yuxarıda sadalanan əlamətləri hiss etmiş olarsa, o, mütləq həkim-ginekoloqa müraciət etməlidir.
Elə hallar da olur ki, bu kistalar özlərini heç bir əlamətlə büruzə vermir və təsadüfi müayinə zamanı aşkar olunurlar. Təəssüflər olsun ki, əksər hallarda belə kistalar artıq xərçəngə çevrilmiş olurlar. Ona görə də, yaşından asılı olmayaraq, hətta qadının heç bir şikayəti olmasa da, onun ildə 2dəfə olmaqla həkim-ginekoloq tərəfindən profilaktik müayinə olunması çox vacib hesab olunur.
Polikistoz yumurtalıqlar sindromu.
Polikistoz yumurtalıqlar sindromu zamanı hormonal tarazlığın pozulması nəticəsində qadında ovulyasiya prossesi baş vermir. Yumurta hüceyrələri lazımi ölçüyə qədər yetişdikdən sonra yumurtalığı tərk etməyərək, çoxsaylı kiçik kistalar şəklində, onundaxilində qalırlar. Xəstəliyin adı da buradan götürülmüşdür (poli – çox, çox kistalar). Kistaların olması səbəbindən yumurtalığın qişası bərkimiş, onun ölçüləri isə xeyli artmış olur. Polikistoz xəstəliyi qadınların sonsuz olmasının ən çox təsadüf edilən əsas səbəblərindən biridir. Bundan başqa, polikistoz xəstəliyi müalicə olunmadığı hallarda, ağır uşaqlıq qanaxmalarına, piylənməyə, yumurtalığın (və ya ölçüsü böyük olduğu halda kistanın) dağılmasına və bəzi hallarda isə hətta onkoloji xəstəliklərə də (uşaqlığın xərçəngi, süd vəzisinin xəırçəngi) səbəb ola bilər.
Polikistoz xəstəliyin əsas əlamətləri aşağıdakılardır:
-Aybaşı tsiklinin pozulması,
-Bəzi hallarda qanaxma,
-Bədəndə (sinədə, belin aşağı hissəsində) və üzdə kişi tipinə xas olan şəkildə tük örtüyünün artması,
-Sızanaqlı səpgilər, dəri və saçların yağlı olması,
-50% xəstələrdə səbəbi olmadan çəkinin kəskin şəkildə artması,
-USM zamanı yumurtalığın bütün ölçülərinin artması.
Polikistoz xəstəliyi əksər hallarda cinsi yetkinlik dövründə başlayır. Tibbdə bu xəstəliyin hansı səbəbdən inkişaf etməsi barədə hələ ki, dəqiq fikirlər yoxdur. Yalnız o məlumdur ki, hansısa səbəbdən orqanizmdə estrogen hormonlarla (qadın cinsi hormonları) androgen (kişi cinsi hormonları) hormonlar arasında nisbi tarazlıq pozulur (kişi cinsi hormonların hazırlanması artır, qadın cinsi hormonların hazırlanması isə əksinə olaraq azalır) ki, bu da polikistozun yaranmasına səbəb olur. Belə bir fikir də vardır ki, aktiv cinsi yetkinlik dövründə (10-12yaş) qız uşaqlarının keçirmiş olduqları kəskin respirator virus infeksiyaları, anginalar, streslər, irsiyyət, ilkin və erkən abortlar (uşaqsalmalar) və.s buna bənzər hallar xəstəliyin yaranmasına təkan verə bilərlər.
Müayinə olunduqdan sonra (USM, qanın hormonlara görə müayinəsi, sidikdə androgenlərin təyini) polikistoz diaqnozu təsdiq olunarsa, hormonal dərman preparatları ilə müalicə kursu təyin edilir. Təəssüflə qeyd etmək lazımdır ki, hazırki dövrdə qadınları polikistoz xəstəliyindən tamamilə xilas edə biləcək müalicə üsulları məlum deyil. Bu zaman qarşıya qoyulan əsas məqsəd qadını narahat edən əlamətlərin (aybaşı tsiklinin pozulması, tüklənmə və.s) aradan götürülməsidir. Polikistoz xəstəliyi zamanı xüsusi hormonal dərman preparatları da təyin edilir. Onlardan istifadə edilməsi nəticəsində aybaşı tsiklinin bərpa olunması, kişi cinsi hormonlarının səviyyəsinin azaldılması, qadının artmış olan tüklənmədən, dəridə səpgilərdən və.s bu kimi əlamətlərdən də xilas olunması əldə olunur. Bu preparatları qadın mütləq olaraq menopauza dövrünə qədər qəbul etməlidir. Əks halda aybaşı tsikli yenə də pozulmuş olacaq.
Polikistoz olan qadın uşaq arzu etmiş olarsa, bu halda həkim ona ovulyasiyanı stimullaşdıran xüsusi hormonal müalicə kursu təyin edirlər.
Əvvəllər belə hesab edirdilər ki, qız uşaqlarında polikistozun müalicəsi yalnız onlar ərə getdikdən sonra aparıla bilər. Hal-hazırda bu fikir səhv hesab edilir! Beləki, orqanizmin hormonal fonu, praktiki olaraq, onun bütün həyat əhəmiyyətli funksiyalarının yerinə yetirilməsinə cavabdehlik daşıyır. Məhz buna görə polkistozun, həmçinin hormonal sahənin bütün digər xəstəliklərinin müalicəsi mümükün qədər tez başlanmalıdır. Digər bir tərəfdən, uşaq olmasını istəməyən qadınlarda polikistozun müalicəsinin "vacib olmadığı” fikri də səhv hesab edilir. Çünki xəstəliyin müalicənin aparılmadığı təqdirdə, onlarda hansı ağır fəsadların ola biləcəyindən qadınlar çox zaman xəbərsiz olurlar.
Yumurtalıqların xərçəngi.
Xərçəng xəstəliyi nədir? Yumurtalıqların xərçəngi barədə danışmazdan əvvəl, ümumiyyətlə xərçəng xəstəliyi barədə ümumi məlumatlar vermək yerinə düşmüş olar. Çünki insanların bir çoxu bu xəstəlik haqqında düzgün məlumata malik deyillər.
Insan bədəni milyonlarla sayda hüceyrələrdən ibarətdir ki, onların hər bir qrupu orqanizmdə müəyyən vəzifələri yerinə yetirirlər. Məsələn, qandakı eritrositlər (qırmızı qan cisimcikləri) orqanizmin bütün hüceyrələrinə oksigen daşıyır, dəri hüceyrələri insan bədənini örtərək onu müxtəlif zərərli faktorların təsirindən qoruyur və.s.Normal hüceyrələr inkişaf edir, bölünərək artır və müəyyən müddətdən sonra ölürlər. Bütün bu prosseslər, mütləq olaraq, müəyyən qaydalar çərçivəsində baş verir ki, buna da orqanizm tərəfindən dəqiq nəzarət olunur. Ancaq bəzən hər hansı bir səbəbdən, hər hansı bir orqanın müəyyən qrup hüceyrələrində (mədə, qaraciyər, yumurtalıq, uşaqlıq, dəri və.s) "pozğunluq” baş verir ki, bunun da nəticəsində həmin hüceyrələr birdən-birə çox sürətlə və nəzarətsiz şəkildə bölünməyə başlayaraq orqanizmdə onlar üçün ayrılan vəzifəni yerinə yetirmirlər. Beləliklə, xərçəng şişi formalaşır.
Xərçəng şişi inkişaf edərək sağlam toxumalara da yayılır, onları da öz toxuma hüceyrələri ilə əvəz edərək bu və ya digər orqanların öz funksiyalarını yerinə yetirməsinə mane olur. Xərçəng hüceyrələri qan və limfa damarları vasitəsilə bədənin daha uzaq yerlərinə də yayılırlar (metastaz verirlər). Bundan başqa, xərçəng hüceyrələri adətən, insan orqanizminə zərərli təsir göstərən toksik maddələr də ifraz edirlər. Bu maddələrin təsiri nəticəsində insan orqanizminin ümumi vəziyyətinin pisləşməsi (ümumi zəiflik, iştahanın itməsi, kəskin arıqlama və.s) də baş verir.
Beləliklə, xərçəng – bədxassəli bir şişdir! Onun bir çox növlərinin səbəbi tibb elminə bu günə qədər də məlum deyil.
Yuxarıda xərçəng xəstəliyi barədə məlumat verdikdən sonra, indi də yumurtalıqların xərçəngi barədə danışaq. Bu da bədxassəli şiş olub qadın yumurtalığının hüceyrələrindən inkişaf edir. Əlbəttə ki, yumurtalıq şişlərinin heç də hamısı bədxassəli olmur. Onların bir çoxu xoşxassəli də ola bilər. Metastaz verməyən bu şişlər cərrahi üsulla xaric olmaqla müvəffəqiyyətlə müalicə olunurlar.
Yumurtalıqların xərçənginin dəqiq yaranma səbəbləri indiyə qədər də məlum deyil. Həkimlər bu xəstəliyin əmələ gəlməsində bir sıra təhlükə (risk) faktorlarının rolunu da qeyd edirlər:
-Yaş faktoru (yumurtalıqların xərçəngi əksər hallarda qadınlarda aybaşı tsikli qurtardıqdan - 55 yaşından sonra baş verir),
-Mayalanamya kömək edə biləcək dərmanların uzun bir müddət ərzində nəticəsiz olaraq tətbiq edilməsi,
-Sonsuzluq (hətta yuxarıda göstərilən dərmanlardan istifadə edilmədikdə belə),
-Irsi faktor (yumurtalıqların xərçəngi olan yaxın qohumların olması),
-Keçmişdə süd vəzi xərçənginin keçirilməsi,
-Menopauzadan sonra uzun müddət (10il və daha çox) ərzində əvəzedici müalicə məqsədi ilə estrogenlərin dərman şəklində qəbul edilməsi.
Yumurtalıq xərçənginin gedişi prossesində əsas narahatedici faktor, ilkin dövrlərdə onun praktik olaraq əlamətsiz keçməsidir! Məhz buna görə də onun ilkin dövrlərdə aşkar edilməsi çox nadir hallarda baş verir. Xəstəliyin ilkin dövrlərdə aşkar edilməsi, istənilən onkoloji xəstəliyin ilkin dövrlərdə aşkar edilməsi kimi, uğurlu müalicə aparılması ehtimalını xeyli dərəcədə artırmış olur! Bu xəstəliyin ilkin dövrlərdə diaqnostikası üçün, mütəmadi olaraq ginekoloq tərəfindən aparılan profilaktik müayinələrin əvəzedilməz böyük rolu vardır! Bundan başqa, qadınlar öz orqanizmlərinə çox diqqətlə yanaşmağı öyrənməli və öz bədənlərində hər hansı bir şübhəli əlamətlər yarandığı hallarda (məsələn, qarının ölçüsünün artması, tezləşmiş sidik ifrazı, qəbizlik, uşaqlıq yolundan qan qarışığı ifrazatın olması, çanaq nahiyyədə hər hansı bir təzyiq hissiyyatının olması, beldə və ya qarında ağrıların olması, dölyaratma qabiliyyəti olan qadınlarda qeyri-mütəmadi aybaşının olması və.s) təcili olaraq həkimə müraciət etməlidirlər. Əlbəttə ki, sadalanan bütün əlamətlər heç də qadında məhz yumurtalığın xərçənginin olmasına dəlalət etmir və nəticə etibarı ilə hər hansı bir digər, daha az təhlükəli hesab edilən xəstəliyin əlaməti də ola bilər. Ancaq bu halda qadının hər ehtimala qarşı, həlkimə müraciət etməklə, özünü daha ağır xəstəliklərin olmasından sığortalaması daha vacib hesab edilir.
Yumurtalığın xərçənginin qadınlarda, əsasən menopauzadan sonrakı (aybaşı tsiklinin tam kəsilməsi) dövr üçün xarakterik olması barədə biz məlumat vermişdik. Əfsuslar olsun ki, bir çox qadınlar bu dövrdə təhlükədən uzaq olduqlarını düşünərək, profilaktik məqsədlə vaxtaşırı olaraq həkim-giunekoloq tərəfindən müayinədən keçmələrini vacib hesab etmirlər. Bu isə tam səhv fikir olub çox təhlükəlidir! Yumurtalığın xərçəngi və həmçinin digər təhlükəli xəstəliklər məhz bu yaşda olan qadınlar üçün xarakterikdir. Beləliklə, yalnız xərçəng xəstəliyi deyil, cinsi sistemin digər xəstəliklərinin vaxtında diaqnostikası üçün qadınlar bütün həyatlartı boyu (!!) mütəmadi olaraq ginekoloqun müayinəsindən keçməlidirlər.
Adi ginekoloji müayinə zamanı qadında xərçəng xəstəliyinə şübhə yarandığı halda, onun xoşxassəli və ya bədxassəli (xərçəng) olmasını müəyyən etmək məqsədilə şiş toxumasından götürülən materialın (biopsiya) laborator müayinəsi aparılır. Bundan daha dəqiq müayinə üsulu isə hələ ki, mövcud deyil. Şiş toxumasından nümunənin götürülməsi (biopsiya) isə ya uşaqlıqdan daxil olmaqla, ya da laparoskopik yolla qarın divarını deşməklə alına bilər.
Yumurtalığın xərçənginə şübhə olan qadınlarda, digər orqanlara metastazların olmasını istisna etmək üçün, əlavə olaraq mədə-bağırsaq sisteminin kontrast-rentgen müayinəsi, həmçinin süd vəzilərinin lazımi müayinələri də aparılır. Bəzi tələb olunan hallarda isə həkim tərəfindən qarın boşluğunun kompyuter və ya nüvə-maqnit-rezonans tomoqrafiyası müayinəsi də təyin edilə bilər. Yumurtalığın xərçənginin əsas müalicəsi onun cərrahi yolla xaric edilməsidir. Prosses qonşu orqanlara da keçmiş olduğu halda, əməliyyat zamanı bəzən həkimlər hər iki yumurtalığı, uşaqlıq borularını da xaric etməli olurlar. Yumurtalıqların xərçəngi zamanı, həmçinin şiş əleyhinə xüsusi kimyəvi dərman preparatlarından istifadə edilməklə, kimyəvi terapiya və şüa terapiyası da tətbiq edilə bilər.
Yumurtalığın xərçəngi – çox təhlükəli xəstəlikdir. Onun müalicəsi nə qədər tez başlanmış olarsa, o qədər də effektli olar!
Uşaqlıq boynunun xəstəlikləri.
Uşaqlıq boynunun eroziyası.
Uşaqlıq boynunun eroziyası qadın cinsiyyət üzvlərində, ən çox təsadüf edilən ginekoloji xəstəliklərdən biridir. Hərfi mənada ifadə etsək, eroziya – uşaqlıq boynunun selikli qişasının xoşxassəli dəyişikliyindən ibarətdir.Ancaq ilkin olaraq xoşxassəli olmasına baxmayaraq, uzun müddət mövcud olduğu halda və müalicə olunmadığı təqdirdə, eroziya çox təhlükəli xəstəlik olan uşaqlıq boynunun xərçənginə çevrilə bilər! Məhz buna görə də uşaqlıq boynunun eroziyasını vaxtında müalicə etmək lazımdır!
Uşaqlıq boynunun eroziyası əksər hallarda özünü heçbir əlamətlə büruzə vermir və yalnız ginekoloq tərəfindən profilaktik tibbi müayinə zamanı aşkar edilir. Bəzi hallarda eroziyası olan qadınlarda cinsi əlaqə zamanı və ondan sonra qan qarışıqlı ifrazatın və ağrının olması, cinsi yollardan ifrazatın artması və. əlamətlər müşahidə edilə bilər. Bu əlamətlərdən hər hansı birinin olduğu halda isə, ginekoloqa müraciət etmək vacib hesab edilir!
Uşaqlıq boynunun eroziyasının inkişaf etməsinə müxtəlif infeksiyalar səbəb olur. Bu infeksiyaların bəziləri qadın cinsi yollarında daimi olaraq yaşayır (stafilokoklar, streptokoklar və.s) bəziləri buraya bağırsaqdan keçir (bağırsaq çöpləri), digərləri isə qadın cinsi əlaqə zamanı (ureplazma, mikoplazma, xlamidyalar və.s) yoluxa bilər. Bütün bu infeksiyalar və mikroblar üçün müvafiq münbit şərait yarandıqda (qadının immunitetinin zəifləməsi, hormonal patologiyalar nəticəsində uşaqlıq boynu seliyinin tərkibinin pozulması, uşaqlıq yolunun disbakteriozu, qadın cinsi orqanlarının iltihabi xəstəlikləri və.s). onlar sürətli şəkildə artaraq sözün əsl mənasında uşaqlıq boynunun selikli qişasını "yeyirlər”. Digər halda, abortdan (süni uşaqsalma), doğuşdan, kobud cinsi əlaqələrdən sonra uşaqlıq boynu zədələnir, onun selikli qişasında çatlar,
Qadında uşaqlıq boynunun eroziyası müəyyən edildikdən sonra h zədələnmə sahələri əmələ gəlir ki, bu da sonradan həmin yerdə eroziyanın yaranmasına səbəb olur.əkim ona daha bir neçə müayinə (infeksiyalara görə müayinə, uşaqlıq yolu ifrazatının disbakterioza görə əkilməsi və.s) təyin edərək eroziyanın inkişaf etməsinin səbəbi müəyyən edir. Eroziyanın səbəbi müəyyən edilərək aradan götürülməzsə, aparılan müalicədən sonra o yenidən yarana bilər. Eroziyanın müalicə üsulunun seçilməsi xəstənin yaşından, eroziyanın ölçüsü və formasından, eroziyanın yaranma səbəblərindən, yanaşı gedən xəstəliklərdən və.s asılı olaraq müəyyən edilir. Cavan doğmamış qadınlarda eroziyanı xüsusi dərman preparatları ilə müalicə edirlər. Bu ən sadə, ən ağrısız və ən qoruyucu müalicə üsulu olub, ancaq kiçik ölçülü eroziyaların müalicəsində effektiv olur.
Bu üsuldan savayı, eroziya sahəsinin xüsusi aparatlar vasitəsi ilə maye azotla dondurulması, lazerlə və ya elektriklə yandırılması (lazerokoaqulyasiya və elektrokoaqulyasiya) üsullarından da istifadə edilir. Eroziyanın elektrokoaqulyasiya üsulu ilə müalicə olunması üsulunun, gələcəkdə uşaq olmasını arzulayan qadınlarda tətbiq edilməsi məsləhət görülmür. Çünki bu üsulla müalicədən sonra uşaqlıq boynunun selikli qişası daha dərin şəkildə zədələnir və uşaqlıq boynunun özü isə deformasiyaya uğrayır. Bi isə gələcəkdə hamiləliyin daşınması zamanı müxtəlif problemlərə səbəb ola bilər.
Gecikmiş hallarda, eroziya fonunda xərçəng xəstəliyinin ilkin əlamətləri meydana çıxarsa, cərrahi üsulundan istifadə edilir.