Varikosele-kişi sonsuzluğunun əsas səbəblərindən biri.
VARİKOSELE XƏSTƏLİYİ
Varikosele- xaya və toxum ciyəsi venalarının genişlənməsidir.
Varekosele xəstəliyinin bir sıra xoşagəlməz nəticələri olur.
Varikosele zamanı xayanın funksiyası pozulur. Varikosele 50% xəstələrdə
simptomsuz keçir, 25% xəstələrdə ağrı, 25% xəstələrdə isə sonsuzluqla özünü
göstərir.
SƏBƏBLƏRİ:
1. Damar divarının anadangəlmə zəifliyi
2. Kiçik çanaq və ya xaya nahiyyəsində qanın təzyiqinin yüksək olması. Xaya
venası bəzən əyilə, digər damarlar tərəfindən və yaxud toxuma qatları tərəfindən
sıxıla bilir ki, bu da venada təzyiqin artmasına səbəb olur.
Xaya venasında təzyiq artarkən venanın genişlənməsi və venoz qanın xaya və ətraf
toxumalardan ürəyə doğru hərəkəti pozulur. Normada venoz qan venalarda hərəkət
edərkən venoz divarın xüsusi klapan aparatı qanın geri axmasına mane olaraq,
bir istiqamətdə hərəkət etməsini təmin edir. Genişlənmiş venalarda isə klapan
aparatının funksiyası pozulur və qanın yalnız bir istiqamətdə axını təmin
olunmur. Nəticədə damarda qanın axma sürəti azalır və xayanın qanla təchizatı
pozulur. Xaya toxumasının qan təchizatının pisləşməsi toxumalarda hipoksiya və
hipofunksiyaya səbəb olur. Bundan əlavə, normada xayaların hərarəti bədən hərarətindən
bir neçə dərəcə aşağı olduğu halda genişlənmiş venaların əhatəsində olan
xayaların hərarəti normadan yüksək olur; bu da öz növbəsində xayaların
funksiyasının pozulmasına gətirib çıxarır.
Varikoselinin 4 dərəcəsi olur:
1-ci dərəcə- xaya venaları palpasiya olunmur, onların genişlənməsini yalnız
instrumental müayinə üsulları (USM, doppleroqrafiya) ilə müəyyənləşdirmək olur.
2-ci dərəcə- xaya venaları ayaq üstündə dayanarkən palpasiya olunur, uzanmış vəziyyətdə
palpasiya olunmur.
3-cü dərəcə- genişlənmiş xaya venaları ayaq üstündə də, uzanmış vəziyyətdə də
palpasiya olunur.
4-cü dərəcə- xaya və toxum ciyəsi venaları vizual olaraq müəyyənləşdirilir.
Əksər hallarda varikosele sol tərəfdə inkişaf edir. Bu xayaların venoz təchizatının
anotomik xüsusiyyətləri ilə bağlıdır. Sağ tərəfli varikoseliyə nadir hallarda təsadüf
olunur.Varikosele zamanı xayanın funksiyası pozulur.
Xəstələr ağrını xaya nahiyyəsində ağırlıq kimi hiss edirlər. Ağrı fiziki yük,
cinsi əlaqə, isti prosedurlar və uzun müddət hərəkətsiz qaldıqdan sonra artır.
Bəzən varikosele sol tərəfdə olsa da, ağrı sağ tərəfdə olur.
Varikosele bir çox hallarda yalnız bir simptom- sonsuzluqla özünü göstərir. Bu
səbəbdən spermoqram göstəriciləri normaya müvafiq olmayan kişilərdə varikosele
diaqnozu istisna olunmalıdır.
Varikosele zamanı xayanın qanla təchizatı və termorequlyasiyanın pozulması
spermotogen epitelinin funksiyasının zəifləməsinə səbəb olur. Nəticədə
spermatozoidlərin sayı və hərəkətliliyi azalır, onların morfoloji göstəriciləri
pisləşir. Eyni zamanda varikosele zamanı müəyyən autoimmun mexanizmlərin işə
düşməsi nəticəsində immunitet amilləri xaya toxumasına qarşı fəaliyyət göstərərək
onu zədələyir. Normada xayalar immun sistemin "təsir dairəsindən” kənarda
olduğu halda varikosele zamanı venoz divar baryer funksiyasını yerinə yetirə
bilmir və immunitet amilləri xaya toxumasına daxil olaraq bu toxumanı yad bir
amil kimi "qavramağa” başlayırlar. Nəticədə xayanın aseptik autoimmun iltihabı
başlayır və bu prosses xayanın sağlam tərəfinə də sirayət edir. Bu da öz növbəsində
spermotogenezin zəifləməsinə səbəb olur.
Bir sıra hallarda varikosele tam simptomsuz keçir və təsadüfən tibbi müayinə
zamanı aşkar olunur.
DİAQNOSTİKASI:
2-ci dərəcədən başlayaraq varikoselinin diaqnoza həkim-uroloq tərəfindən müayinə
zamanı qoyulur. Ehtiyac olarsa, xayanın USM və doppleroqrafiyası olunur. Eyni
zamanda mütləq spermoqramma olunmalıdır.
Müalicəsi cərrahi yolladır. Xəstəlik özünü ağrı və sonsuzluqla göstərirsə əməliyyat
mütləq olunmalıdır. Xəstəlik simptomsuz keçdiyi hallarda sonsuzluğun mümkün
olub-olmaması nəzərə alınaraq əməliyyat barədə qərar verilir. Varikosele
yeniyetmə və ya cavan kişidə aşkarlanarsa əməliyyat məqsədə uyğun olur; yaşlı
kişidə aşkar olunduqda isə əməliyyatın olunması vacib sayılmır.
Əməliyyatlar 2 tipə bölünür:
1-ci tip: Varikoz genişlənmiş vena tam bağlanır və ya götürülür. Xayanın zəifləmiş qan dövranı tam dayanır; orqanizm bu stress vəziyyətindən yeni venoz yolların açılması ilə çıxır. Əməliyyatın üstünlüyü sadəliyindədir. Eyni zamanda bu əməliyyat nəticəsində residivlərin yaranma ehtimalı nisbətən yüksək olur.
2-ci tip: Genişlənmiş xaya venaları tam götürülür və onların plastikası aparılır. Bu əməliyyata xayanın mikrocərrahi revaskulyarizasiyası deyilir. Əməliyyatın üstünlüyü xayanın qan dövranının əmliyatdan dərhal sonra bərpa olunması və residivlərin tam istisnasıdır. Eyni zamanda bu əməliyyat texniki baxımdan daha mürəkkəbdir.
PROFİLAKTİKASI:
19-20 yaşında uroloq tərəfindən müayinə olunmaqdan ibarətdir. Bu yaşadək varikosele inkişaf etməmişdirsə narahat olmağa dəyməz. Əgər müayinə zamanı varikosele əlamətləri aşkar olunarsa, vaxtında əməliyyat olunmalıdır. Bu, gələcəkdə sonsuzluq kimi böyük bir problemin yaranmasının qarşısını alar.
Vital Klinikada mikrocərrahi üsülla varikosele əməliyyatı həyata keçirilir.
Asanlıqla bzimlə əlaqə saxlayın 012 437-52-29, 050 377-44-44