Laborator diaqnostika

Muasir kliniki diaqnostik laboratoriya tədqiqat üsulları bir çox elmlərin əsasında inkişaf etmiş və tədrisdə müstəqil bir fənnə, tətbiqdə müstəqil bir ixtisasa çevrilmişdir. Elmin bu sahəsi xəstəliyin diaqnozunun düzgün təyin edilməsində əsaslı rol oynayır.
Tibb elminin inkişafı dovründə diaqnostika, həkimin müşahidəsi və xəstəliyin əlamətlərinə əsaslanırdı.
Laboratoriya diaqnostikası tibb elminin bir hissəsini təşkil edir.O, xəstəliyi və onun gedişini laboratoriya müayinə üsulları ilə öyrənir və diaqnozun təyin edilməsində lazımı məlumarları verir. verir. Laboratoriya diaqnostikası diaqnozun tez və düzgün təyin edilməsində müalicə edən həkimə yaxından kömək göstərməklə bərabər, tətbiq edilmiş müalicənin təsirini də aydınlaşdırır.
Laboratoriyanın ümumi iş prinsipinə uyğun olaraq Vital Klinika-nın laboratoriyasında:
-Kliniki,
-Biokimyəvi;
-Koaqulopatoloji;
-Hematoloji;
-Seroloji;
-İmmunoloji və allerqoloji;
IFR- lərdə yaxmalarda infeksiyanın təyini;
-DNT polimeraza zəncirvari reaksiyalarla;
-Hormonlar, onkomarkerlər, antitellər və s analizi;
- Mikrobioloji bakterioloji;
-İnfeksion və zooinfeksion xəstəliklərin immunoferment analizi;
-Sümük iliyi müayinəsi və s.kimi laborator müayinələr aparılır.

Kliniki morfoloji analizlər vasitəsilə bir çox xəstəliklərə laborator diaqnoz qoyulur. Bu xəstəliklərə, qan azlığı anemiya və onun müxtəlif formaları, qanın digər sistem xəstəlikləri leykozlar, mioleykozlar, eritroblastlar, eritromieloz, mielom, limfoqranulomatoz, trombositopenik purpura və sair, eləcə də,infeksion və iltihabı xəstəliklər yatalaq, dizenteriya, botulizm, malyariya, brusselyoz, qızılca, difteriya və sair sadalamaq olar. Bunlardan əlavə cərrahi iltihabı, qurd xəstəliklərini, sifilis, revmatizm və sairələri də qanın morfoloji analizi vasitəsilə təyin etmək olar. Morfoloji analiz eləcə də, müalicənin gedişini izləyir və dinamika barədə dəyərli məlumatlar verir.
Biokimyəvi analizlərin əhəmiyyəti çox böyükdür. Beləki, bu analizlər vasitəsi ilə orqanizmin ayrı ayrı orqan və toxumalarında baş verən biokimyəvi prosesləri izləmək mümkündür. Analizləri bir-bir sadalamaq olar. Lakin bir xəstəlik üzərində dayanıb, biokimyəvi analizlərin əhəmiyyətini qeyd etmək istəyirik. Sirroz xəstəliyi el arasında qaraciyər şişi-son zamanlar ən geniş yayılmış, etialogiyası və yaranma səbəbləri çox olan xəstəliklərdən biridir. Məlumdur ki, bu qaraciyər mənşəlidir. Bu xəstəliyin bir neçə mərhələsi var və bu mərhələlərdə biokimyəvi göstəricilər müxtəlif mütənasibliklərdə olur. Bu biokimyəvi analizlərə bilirubin və onun sərbəst və birləşmiş formaları, alaninaminotransferaza (ALAT), aspartataminotranferaza(ASAT) fermentləri və onun mütənasiblik əmsalı, qammaqlütamintranferaza (GGT) (toksiki mənşəyi müəyyənləşdirməkdə) fermenti, qələvi və turş fosfatazalar, qaraciyərin funksional sınaqları: follikasion və ya zülal-çöktürən sınaqlar timol, sülema, veltman, farmol və.s. sınaqlar aiddir.
Eyni zamanda qeyd etmək lazımdır ki, qaraciyər sirrozunda azot mübadiləsi pozulduğuna görə qanda kreatinin, qalıq azotun, sidik cövhərinin miqdarı artır ki, bu da diaqnostikada həlledici rol oynayır. Xəstənin vizual müayinəsində üz dərisinin sarımtıl olması, qarının böyüməsi (assit), qida borusunun aşağı üçdə birinin venalarının genişlənməsi sirrozdan şübhələnməyə əsas verir. Biokimyəvi analizlərin olunması isə diaqnozun dəqiqləşdirilməsinə kömək edir.
Biokimyəvi analizlərə yuxarıda adı çəkilənlərdən əlavə ümumi zülalın təyini, albumin-qlobulin zülal reaksiyalarının identifikasiyası, qlükozanın, fibrinogenin, qlikogenin miqdarının təyini və.s aiddir.

Koaquloqramma yəni protrombin indeksinin, fibrinogenin miqdarının və digər faktorların təyini laborator diaqnostikanın ən geniş yayılmış növlərindən biridir. Koaqulopatik analizlər qanın laxtalanma qabiliyyətinin artması, damardaxili laxtalanma və sistem qanaxmaları kimi patologiyaların diaqnostikasında mühüm rol oynayır. Bu analizin mama-ginekologiyada qanın

doğuşdan sonra damardaxili laxtalanmasının (DVS sindromu) profilaktikasında böyük əhəmiyyəti var.Koaqulopatik analizlər həmçinin bir sıra hemotoloji xəstəliklərin diaqnostikasında tətbiq olunur.
Bir sıra hemotoloji analizlər HbA, HbF,HbH, HbS, HbD, HbC, HbE, EOR bizə talassemiya, oraqvarihüceyrəli anemiya və.s. xəstəliklər barədə dəyərli informasiya verir.
İmmunoloji və allerqoloji müayinələrlə bərabər seroloji müayinələr allergenin səviyyəsini təyin edərək revmatizmin və birləşdirici toxumanın bir sıra digər xəstəliklərinin diaqnostikasında əhəmiyyət kəsb edirlər.
İmmuno-fermentativ analizlərin köməyi ilə daha mürəkkəb və həcmli laborator müayinələr aparılır. Bu müayinələr orqanizmə daxil olan antigenlərin və onlara cavab olaraq yaranan antitellərin təyini, qan qrupu və rezus amilin təyini, qan qrupu uyğunsuzluğunun titrləmə və aqlütinasiya üsulu ilə təyini, eyni zamanda hormonların, onkomarkerlərin, infeksiya və zooinfeksiyakların müəyyənləşdirilməsi aiddir. (A,B,C) hepatit viruslarının antigen-anticism səviyyəsində təyini, salmanellyoz, sifilis, vərəm vəs. törədicilərinin səviyyəsi də bu qrupa aiddir.
Hal-hazırda hamiləliyin inkişafına təsir edən zooinfeksiyalardan toksoplazma, xlamidiya, sitomeqalovirus, herpes I və II , mikoplazma, rubella, listerioz və bir sıra başqa infeksiyalar da immunoferment analizlərin köməyi ilə təyin olunur. İmmunofermentativ analizlərin köməyi ilə bir sıra hormonlar insulin, kortizol, FSH, LH, HGG, estradiol, sərbəst estriol, progesteron, prolaktin, testosteron, T3, T4, TSH hormonları və.s. təyin olunur. Yuxarıda adı çəkilən hormonların müvafiq qruplarını təyin etməklə hamiləlik patologiyası, sonsuzluq və cinsi zəiflik kimi halların səbəbini aşkar etmək olur. Ultrasəs müayinəsi ilə birlikdə hormonların təyini hipotalamus, hipofiz, qalxanabənzər və qalxanabənzər ətrafı vəzilərin fəaliyyətini öyrənmək və patologiyasını aşkar etmək olur.
İmmunofermentativ analizlərin köməyi ilə bəzi onkomarkerlər AFP (prostat vəzinin spesfik fitoproteini), CEA (Carcinoembryonic antigen), PSA (prostat vəzinin spesfik antigeni), CA-125, CA-15-3, CAi-S və.s. təyin olunur ki, bu da qaraciyər xərçəngi, inkişaf qüsurları, mədə xərçəngi, yoğun və nazik bağırsaq, prostat vəzi xərçəngi və.s. xəstəliklərin erkən diaqnostikasında çox mühüm əhəmiyyət kəsb edir.
Polimeraz-zəncirvari reaksiyanın (PZR) köməyi ilə DNT və RNT səviyyəsində ABV, HCV, HSV, SMW, TOXO, xlamidiya və ASV-RNT-genotip tipləri müəyyənləşdirilir və.s.
Bakterioloji analizlərdən qanın bakterioloji sterilliyə görə yoxlanılması, disbakteriozun aşkarlanması və antibiotiklərə (30-a yaxın) həssaslığın yoxlanılması yüksək səviyyədə yerinə yetirilir.

Bizim klinikada həmçinin sidiyin və nəcisin ümumi analizləri, sidikdə bilrubun, urobilinogen, zülal və şəkərin müxtəlif üsullarla aşkarlanması, Bens-Conson hissəciklərinin müəyyən olunması, nəcisin helmintoloji müayinəsi, spermoqramma, uretra möhtəviyyatının, prostat vəzi şirəsinin mikroskopiyası, patogen göbələklərin aşkarlanması kimi analizlər yerinə yetirilir. Eyni zamanda qanda lipid mübadiləsinin məhsulları olan triqliseridlər, yüksək, aşağı və çox aşağı sıxlıqlı lipidlər, xolesterin təyin olunur.
Analizlər yüksək ixtisaslı tibbi kadrlar tərəfindən Amerika, Fransa, İtaliya, Almaniya və Rusiya istehsalı olan müasir tibbi avadanlığın köməyi ilə yerinə yetirilir.
Klinikamızın bu sahədə çalışan kadrları adı çəkilən ölkələrin mütəxəssisləri ilə əlaqə saxlayaraq təcrübə mübadiləsi edirlər.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.