sifilis



SİFİLİS.


Sifilis xəstəliyi seksual əlaqələr zamanı, qan ilə (qan köçürülməsi, tatuirovka – bədəninə şəkillər döydürməsi, iynə vurulması), həmçinin xəstələrin diş fırçasından, qab-qacağından istifadə edilməsi, öpüş zamanı (xəstələrin ağız boşluğundan və dodaqlarında xoralar və qan sızan zədəli sahələr olduqda) də keçə bilər. Xəstəliyə yoluxma steril olmayan tibbi alətlərlə də (ginekoloji, stomatoloji, cərrahi) baş verə bilər.




Sifilis xəstəliyi öz inkişaf prossesində bir neçə mərhələdən keçir:
- Birinci mərhələ (ilkin sifilis) yoluxmadan 3-4 həftə sonra başlayaraq, təxminən 6-8 həftə davam edir. Bu mərhələdə xəstəlik törədicisinin bədənə daxil olduğu yerdə kiçik, ağrısız, kənarları və səthi hamar, səthindən parlaq, şəffaf maye ifraz edən dairə şəkilli xora əmələ gəlir. “Bərk şankr” adlanan belə xora əmələ gəldikdən sonra, ona yaxın olan limfa düyünləri böyüməyə başlayır. Böyümüş bu düyünlər adətən, ağrısız olur. Şankr əksər hallarda cinsiyyət üzvlərində (kişilərdə kişi cinsiyyət üzvü və xayalıqda, qadınlarda isə kiçik cinsiyyət dodaqlarında, uşaqlığın selikli qişasında), həmçinin anal dəlik (anus, arxa dəlik) ətrafında, ağız boşluğu və dodaqlarda yaranmış olur. Bir neçə həftədən sonra şankr müalicə olunmadan da sağalır ki, bu da onu daha təhlükəli edir. Çünki bu zaman xəstə sağaldığını düşünərək, özünü rahat hiss etsə də, o digərləri üçün yoluxucu hesab olunur. Xəstəliyin ilkin dövründə başlanan düzgün müalicə heç bir fəsad vermədən sağalma ilə nəticələnir.


- Yoluxmadan təxminən 2 ay sonra xəstəliyin ikinci mərhələsi başlayır. Bədənin, ovucların, ayaqaltı sahələrin dəri örtüyündə, ağız boşluğunun və cinsi orqanların selikli qişasında səpgilər (onlar vaxtaşırı yaranır, sonra isə yox olurlar) əmələ gəlir. Səpgidən başqa, qızdırma, titrəmə, yorğunluq, oynaqlarda ağrılar, az hallarda isə saçların tökülməsi də müşahidə edilə bilər.
- Xəstəlik müalicə olunmadıqda yoluxmadan 4-5 il sonra onun üçüncü mərhələsi başlayır ki, bu zaman onurğa beyni və baş beynin zədələnməsi, psixiki pozğunluqlar, ifliclər, xəstələrin eybəcər hala düşməsi baş verir. Hazırda sifilis xəstəliyi yaxşı müalicə olunduğu üçün xəstəliyin üçüncü mərhələsi çox nadir hallarda təsadüf edilir.
www.vital.az 2013 Poliklinika